Nihat Piriyev. Edam (Hekayə)

Nihat Piriyev. Edam (Hekayə)

...haradayam? Kiməm? Niyə buradayam?


 

Beynimdə firlanan o qədər sual var ki... Hamısı da cavabsız.

Arabir onun səsini eşidirəm. Sonra otaqda var-gəl etməyim başlayır və birdən hər şey gün kimi apaydın gəlir xatirimə. Həmin gecə. Həmin küçə. Həmin qadın. Dərhal toparlanmağa çalışıram, qopuram həmin gecənin cəngindən və özümü yenidən burada-həmin bu dörd divar arasında tapıram. Və yenidən suallar əhatəyə alır məni.

 

Haradayam?

 

- bura edam cəzasına məhkum olunmuşların saxlandığı xüsusi zindandır. Neçənci qonaq olduğumu təxmin edə bilmirəm. Amma əvvəlki aqibət yoldaşlarımdan geridə qalan çox xatirə var.

Yuxarıda, boyumun çatmadığı hündürlükdə balaca bir dəlik var. Gecə ilə gündüzü o dəlikdən ayırd edirəm. Bu gün 29-cu günəşimi də batırdım. Sabah son ola bilər. Bəlkə də, yox. Bilmirəm.

 

Mən kiməm?

 

- bir ay əvvələ qədər küçələrin ən sadiq sakini, heç kimə lazım olmayan, 34 yaşında evsiz-eşiksiz biri. Bir az da içki düşkünü. ( Həmin gecə də içkili idim. Günahsız yox, məhz içkili. )

 

Niyə buradayam?


 

- həmin o lənətə gəlmiş soyuq, çiskinli, qışın cəngindən hələ də qurtula bilməyən bir mart gecəsi. Keçəcək uzun gecə üçün əyləncə axtaran mən. Elə bu düşüncə ilə, az qala, kimsəsizləşmiş küçələrdən biri ilə addımladığım zaman hər şey birdən-birə dəyişir. Ki bu qaranlıq küçədə eyni aqibəti yaşayanın təkcə mən olmadığımın fərqinə varıram. Nizamsız şəkildə atılan addımların taqqıltısı beynimi döyəcləyə-dəyəcləyə yaxınlaşır və yavaş-yavaş hıçqırtı səsləri ilə qarışır.Tələsik özümü səs gələn səmtə atıram və həmin döngədə özünü yerə buraxmış bir qadın tapıram. Ağlayır. Hıçqırır. Titrəyir. Kimisə, nəyisə günahlandırır. Susur. Və məni görür. Bərəlmiş gözləri qorxu içində parıldayır və çığırmaq istəyir. Amma bacarmır.

 

...və bir neçə saniyə sonra həmin qorxu, həmin hıçqırtılar əlimin altında iniltiyə dönür.

 

O qadın mən tərəfdən təcavüzə uğrayır.

 

Bir heç olur. Eynən, mənim kimi...

 

Kimliyimi, burada olma səbəbimi xatırladıqdan sonra əsl cəhənnəm başlayır. Həmin gecə varlığını hiss etdirməyən vicdanım yavaş-yavaş içimdə peyda olur. Daha sonra gözümdə böyüməyə başlayır, böyüyür, böyüyür və həmin o qadına dönür. Düz gözlərimin qarşısında vicdanım şəklində donur qalır. Zorlanmış vicdanım kimi.

Dəhşət içində özümü o yan-bu yana çırpıram, qaçıb qurtulmaq istəyirəm, mümkün olmur. O mənim əlimdən qurtula bilmədiyi kimi, mən də onun əlindən qurtula bilmirəm. Çarəsiz otağın bir küncünə qısılıb, əllərimi başımda birləşdirib, var gücümlə bağırıram. Öz səsim öz başıma düşənə qədər. Onlar zindana gəlib, məni sakitləşdirmək üçün nələrsə edənə qədər...

 

Hər günün ssenarisi eynidir. Ayılanda özümü döşəmənin küncündə nazik bir adyalın üstündə tapıram. Daha sonra isə kimliyimi axtarmaq üçün yenə həmin o gecəni xatırlayıram. Və cəhənnəm yenidən başlayır.

 

 

***

 

Dəlikdən içəri demək olar ki, işıq düşmür. Səhərin açılmasına bir xeyli varmış kimi görünür. Düz başımın üstündə qəribə geyimli biri dayanıb. Otağın mərkəzində isə balaca bir masa və iki oturacaq var. Həmin adam ayağını yarıya qədər qatlayıb, qulağıma pıçıldayır:

 

- bir az danışmaq istəmirsən?

 

***

 

 

Üz-üzə oturmuşuq. Gur saçları, iri gözləri, bir az da zəhmli görkəmi var.

 

- niyə burada olduğunu dərk edirsənmi?

 

Düşünmədən cavab verirəm:

 

- hə!

 

- səncə, bu, ədalətlidir?

 

Yenə də eyni reaksiya:

 

- hə!

 

- bilirsənmi ki, bu günü gözləyən nə qədər insan var?

 

Beynimdə öz-özümə analizlərim başlayır. "Bu günü gözləyən". Demək, yanılmamışam, bu gün son günmüş.

 

Cavab verməyə tərəddüd edirəm. Özü cavablayır:

 

- saat 12 tamamda edamın gərçəkləşəcək. Adətən, edamlar bu vaxt edilir deyə, hər bazar ora minlərlə adam toplaşır. Hansısa bir suçlunun tamaşasının yekunu izləmək üçün. Şanslısan, dostum, bu gün sənin günün...

 

Söhbətin gerisini xatırlamıram. Və artıq edamımı təsəvvür etmək kimi bir dəhşətlə üzbəüzəm. Olası bir edamı əvvəlcədən qeyd etmək.

 

***

 

Saat təqribən 9-10 arası olar. Zindanın mərkəzindəki həmin masada əyləşmiş və son qeydlərimi edirəm. Cəmi bir neçə saat sonra məni aparmaq üçün gələcəklər. Ola bilər ki, insanların səsi zindana qədər gəlib çata, amma edam bura yaxın yerdə baş verməyə də bilər. Ona görə də, bu haqda əvvəlcədən bir düşüncəyə sahib deyiləm. Qapının açılması anındakı hisslərimi də rahatlıqla əvvəlcədən ifadə edə bilərəm.

 

Mən haqqımı almağa gedirəm, vəssalam.

 

Hə, bu qədər soyuqqanlı qarşılayacağımdan əminəm.

 

***

 

Meydan, tamamilə, doludur. Onların arasında qadınlar da var. Və onların əksəriyyətinin gözündə eyni şey oxunur:

 

" Sən alçaqsan! "

 

İnsanların səni bu qədər sevinclə ölümə yola salmaları qədər ikinci bir dəhşət yoxdur. Hamı onların gözü qarşısında o ipdən necə sallandırılacağımı gözləyir.

 

Asılacağım kəndirlə üz-üzə dayanmış vəziyyətdəyəm. Ətrafımdakı bütün hərəkətləri, reaksiyaları soyuqqanlı qarşılamağa çalışıram. Əl hərəkətləri, mənə sarı atılan daş-kəsək parçaları, söyüşlər... İçlərində mənə qarşı olan nifrəti hər yolla hiss etdirmək üçün çaba göstərirlər.

 

Budur, kəndir yavaş-yavaş boğazıma keçirilir. İnsanların səsi daha da yüksəlir. Hamının səbirsizliklə gözlədiyi an yetişdi. Udqunmaq istəyirəm, amma bacarmıram. Boğazımda - kəndirin təmas nöqtəsinin bir az aşağısında nəyinsə düyünlənib qaldığını hiss edirəm. Toxunmaq istəyirəm amma olmur, onlar əllərimi arxadan bağlayıb. Elə bu vaxt insanların içərisində, düz mənimlə üzbəüz vəziyyətdə onu görürəm. O qadını. Tərpənmədən, heç bir reaksiya vermədən tamaşanı izləyir. Özünün quruluş verdiyi tamaşanı. Arabir dodaqları tərpənir, məlum məsələdir niyə...

 

Gözlərimi yumuram. Addım səslərindən hiss olunur ki, cəllad yavaş-yavaş yaxınlaşır. Ayağımın altındakı bu balaca oturacağa bənzəyən isə tutunduğum son ümid nöqtəsidir.

 

Beynimdə işıq kimi yanıb-sönən fikirlər bir-birini əvəz edir.

 

- cəllad, insanlar, günah, qadın, toxunuş, son, son...

 

İnsanların səsi ən son həddə qədər yüksəlir. Onlar bu son saniyələri belə mənə çox görür.

 

Dodaqlarımın altında sadəcə bunları pıçıldaya bilirəm:

 

- onlar haqlıdır ... onlar haqlıdır...