Rövşən Yerfi. Sanitarlar (PYES)

Rövşən Yerfi. Sanitarlar (PYES)

("Qazamat "sanitarları” adlı povestin motivləri əsasında pyes)


Hadisələr cəzaçəkmə müəssisəsində cərəyan edir.

İştirak edirlər:

Ayaz – 23 yaşında məhkum

İkram – 21 yaşında məhkum

İkramın arvadı – 18 yaşlı qadın

Nizam – 19 yaşında məhkum

Roma – 20 yaşında məhkum

Vüsal (Vüsalə) – 19 yaşında məhkum

İqrar – 21yaşında məhkum

Andrey – 30 yaşında

Qara geyimli məhkum – 26 yaşında

I nəzarətçi – 24 yaşında

II nəzarətçi – 28 yaşında

Görüş nəzarətçisi, gənc yaşlarında daha bir neçə nəzarətçi və məhkumlar.

I pərdə, I şəkil

Cəzaçəkmə müəssisəsində məhkumların yatacaq yeri. Çarpayılar, onların aralarında cərgə ilə düzülmüş əşya dolabları görünür. Məhkumlar yatılı vəziyyətdədirlər. İki nəfər nəzarətçi içəri daxil olub otağın mərkəzinə qədər gəlirlər.

I nəzarətçi. Ehey, "petuxlar”, çaşdım - üzdəniraqlar, durun ayağa, oyanmaq vaxtıdır.
II nəzarətçi. Qalxın, cəld olun... (nəzarət yoldaşına irad tutur) Üzdəniraqlar yox, sanitarlar!.. Elə demək olmaz. Rəis hamıya tapşırıb ki, bunlara üzdəniraq deyilməsin. Qəlblərinə toxunmamaq üçün sanitar çağırılsın. Belə daha yaxşıdır. Həqiqətən də müəssisəmizin bütün sanitariyası bunlardan asılıdır.
I nəzarətçi. Yaxşı olsun. Sanitarlar, yatmaq zamanı bitdi. Tez eləyin, səhər yeməyinizi yeyib "uborka”ya , silib-süpürməyə başlayın.

Məhkumlar yataqlarından qalxıb tənbəl-tənbəl əyin-başlarını geyinirlər.

II nəzarətçi. Yəqin ki, hərə ona tapşırılan öz sahəsini yaxşı tanıyır. Ayaz sən həmişəki kimi idarənin, Nizam klub və kitabxananın, Vüsal sən yeməkxananın, Andrey təcridxananın, Roma görüş otaqlarının, İqrar növbətçi hissənin hər künc-bucağını silib təmizləyirsiz. Səhər yoxlamasına qədər hər yer qaydasında, tər-təmiz olmalıdır. Bildiniz? Baxın ha, qanmazlıq edən "dubinka” yeyəcək (əlindəki rezin dubinkanı havada silkələyir).

I nəzarətçi qıraq çarpayılardan birində paltarlı uzanmış yuxulu məhkuma tərəf gedir.

I nəzarətçi. Bu niyə durmur? Yoxsa rejim qaydaları buna aid deyil? Yatanda paltarını da çıxartmayıb. Elə bil vağzalda yatıb. Yaman da bərk yatıb (əlindəki dubinka ilə onu dümsükləyir).

II nəzarətçi. O təzə gələndi, yəqin. Dünən gecə yatabdan birbaşa, elə yuxulu-yuxulu gətirib uzadıblar bura. Ey, sanitar, sənnənəm, ayıl, aç gözünü!.. Bədbəxt oğlu "lomka”dan ayıla bilmir

Dubinkanın təsirli toxunuşlarından ayılan məhkum gözlərini açıb narahatlıqla onlara baxır.

I nəzarətçi. Sənin adın nədir?

II nəzarətçi. Hardan bilsin? Gərək ağılı başına gəlsin ki, adı yadına düşsün.

Məhkum : "Adım İkramdır,” – deyərək dikəlib çarpayıda oturur.

I nəzarətçi. Yaxşı, deməli İkramdı adın.

İkram. (təəccüblə hər tərəfə göz gəzdirir) Mən hardayam? Bura haradır?

II nəzarətçi. Bura üzdəniraqların, yəni sanitarların barakı...

İkram. (tikan batmış kimi dik ayağa qalxır, heyrətindən rəngi dəyişir) Nə danışırsız? Mənu bura niyə göndəriblər? Kim gətirib məni bura?

I nəzarətçi. Sən dünən axşam qonşu zondan yatab olunmusan da, elə deyil?

İkram. Elədir.

II nəzarətçi. Zalım oğlu, gətiriləndən yatırsan, güclü çəkənsən yəqin. Görünür orada da üzdəniraq olmusan, ona görə də səni gətirib sanitarların barakında yatırıblar.

İkram. Yox, mən üzdəniraq deyiləm. Elə deyil, mən üzdəniraq olmamışam. Məni bura səhv gətiriblər. Niyə? Nədi mənim günahım? Kim məni bura göndərib?

I nəzarətçi. Kim göndərib? Rəis, əlbəttə ki, rəis...

II nəzarətçi. Bölgünü rəis aparır da...

İkram. Mən burda qala bilmərəm. (Qapıya doğru addımlayır.) Belə düzgün deyil. Bu haqsızlıqdı. Mən necə var rəisi görməliyəm. Aparın məni rəisin yanına, görüm nə səbəbə məni bura göndərib, nədi təqsirim? Kabinetinin yerini göstərin, elə indi özüm gedərəm...

I nəzarətçi. İndi yox, səhər yoxlamasından sonra.

II nəzarətçi. Rəis hələ işə gəlməyib. Kabinetini göstərə bilərik. Gedək bizimlə.

Onlar barakı tərk edirlər. Digər məhkumlar da təmizlik ləvazimatlarını götürüb iş dalınca barakdan çıxırlar.

II şəkil

Roma ilə Nizam böyük bir dəhlizi silib-süpürməklə məşğuldurlar.

Roma. Gözümə birtəhər dəyirsən. Nə olub? Sən deyəsən, bayaq heç çay da içmədin...

Nizam. Nə içim, çay vardı? Neçə gündü dəmləməyə çay qurtarıb, qənd yox, siqaret yox. Ondan-bundan istəməkdən, dilənməkdən də bezmişik. Bütün günü eşşək kimi işlədirlər abadlıq adı ilə. Çöldən hər tərəfi ağartırlar, rənglədirlər, gül-çiçək əkdirirlər, içəridə isə özbaşınalıq, qanunsuzluqdur, hər işi pul həll edir. Nə abadlıqları qurtarır, nə bərbadlıqları. Amma nəsə istəyəndə ya tula payı verirlər, ya da başlayırlar ötür-ötürə. O bunun üstünə göndərir, bu onun üstünə göndərir. Təsərrüfat işçisi kimi adımıza maaş yazırlar da, elə deyil? Bəs niyə o maaşın üzünü heç vaxt görmürük? Heç olmasa yarısını versinlər, gedək biz də adam kimi lavkadan özümüzə lazım olanı alaq da... Yoxsa öz haqqımızı minnətlə elə verirlər ki, adi dolanacağımıza da çatmır.

Roma. Rəisə çatdırmaq lazımdır, bilsin vəziyyətimizi, korluq çəkdiyimizi. Rəisimiz yaxşı rəisdir, ətrafı pisdir. Yəqin elə bilir vaxtlı-vaxtında nə lazımdı verirlər, soruşanda ona belə deyirlər. Bilsə bu cür olmaz.

Nizam. Ağılsız olma. Necə ola bilər, rəis yaxşı olsun, ətrafı pis? Bütün bu işlərin əsas səbəbkarı elə özüdür. Guya bilmir ki, bizə maaş vermirlər? Bizim maaşları yeyən, əsabələri ilə bölüşən məgər rəis deyilmi? Acgöz, yüz yerdən gələn gəliri, rüşvəti azmış, bizim pulumuzu da yeyir...

Roma. Yəqin vəzifəsində duruş gətirməsi üçün yığdıqlarından yuxarılara da paylayır, yoxsa o qədər pulu tək yeyə bilməz. Yadıma gəlir, məni bura gətirəndə ciblərimi axtarıb bir neçə manat tapmışdılar. Manatları qaytarmadılar. Mən onda nəzarətçiyə dedim ki, bizimlə əl ilə görüşmürsüz, özünüzə aşağılıq gətirər hesab edirsiz. Amma əlimiz dəyən pulu götürürsüz. Hırıldayıb dedi "pul ki, "petux” sayılmır, siz ayrı, pul ayrı”. Hə, bunlar belədirlər.

Nizam. Bədbəxtliyimiz həm də ondadır ki, görüşə gələnimiz də yoxdur. İldə bir-iki dəfə bayramdan-bayrama gəlirdilər, daha mənim yanıma onu da gəlməyəcəklər.

Roma. Niyə?

Nizam. Bilirsən nə olub? Ötən ay zona gətirilən məhkumlardan biri yerlim çıxdı. Çox çalışdım ki, məni tanımasın. Bilirdim ki, tanısa, ağzını Allah yolunda qoyub hamıya sanitar olduğumu danışacaq. Qorxduğum oldu, əclaf məni tanıdı. Qardaşı görüşə gələndə mənim haqqımda ona danışıb. O vicdansız da gedib ata-anamı "muştuluqlayıb” ki, oğlunuz sanitardı. Gizlətmişdim, evdə bilmirdilər mənim homoseksual olmağımı, üzdəniraq sayılmağımı. Bilən kimi kənddə sanitarlığıma görə utandıqları üçün məndən imtina ediblər. Xəbər göndəriblər ki, bizim onun adda oğlumuz yoxdur, daha yanına da gəlməyəcəyik (gözləri dolur, ağlamağını güclə saxlayır). İndi hamı, bütün kənd bilir ki, Nizam passiv homoseksualdı, türmədə sanitar işləyir. Mən daha yaşamaq istəmirəm. Bundan sonra o insanlarla necə üzbəüz gələcəyəm, rastlaşacağam, necə yaşayacağam? Məni daim alçaldıb ələ salacaqlar. Belə yaşamaq olmaz. Özümü öldürəcəyəm...

Roma. Gic-gic danışma, necə özümü öldürəcəyəm, bilirsən nə danışdığını?.. Dünyada sən nə birinci homoseksualsan, nə də axırıncı. Kim nə deyir, desin. Hamısı boş sözlərdir. Allah qoysa, "srok”umuz qurtarsın, çıxıb gedərik xaricə, görməzsən onların sifətlərini də. Əsas odur ki, özünə iş qurasan, pul qazanasan. Pulun olandan sonra hamı sənə hörmət edəcək , homoseksuallığını da adi bir hal sayacaqlar. Dünyada bilirsən nə qədər məşhur sənət ulduzları var ki homoseksualdı, hələ vəzifələrdə olanlar da var, deputat, nazir olanı da... Sənin ağlınla onda gərək onlar yaşamayaydılar. Əksinə, ən hörmətli, uğurlu adamlardı. Pulun gücünə görə bir kimsə də o barədə danışmaq istəmir. Elə bu zonda məgər homoseksual biz on beş nəfərik? Burjuyların, mujiklərin arasında yoxdu? Var! Burjuylardan pul qoparırlar, yalançı mujiklərdən də gizli agent kimi istifadə edirlər. Bizi isə kasıbıq deyə adımızı sanitar qoyub zir-zibillərini təmizlədirlər. Vallahi, rəis görsə ki, pulun var, elə bu gün barakdan çıxarıb sənə ayrıca otaq verər. Ağıllı ol, bir də özümü öldürəcəyəm-filan danışma...

Nəzarətçilər içəri daxil olurlar

I nəzarətçi. Ə, nə küllənirsiz, ə, burda? Mırt vurmağa yer tapmısız? Bir az diribaş olun, dalınız dubinka istəyir deyəsən. Tez qurtarın, təmizlənməli başqa yerlər də var.

Nizam. Qurtarmışıq buranı.

II nəzarətçi. Onda "silahlarınızı” götürün, getdiz qonşu korpusdakı koridorun döşəməsini yumağa.

Məhkumlar təmizlik ləvazimatlarını götürüb nəzarətçi ilə birlikdə çıxırlar.

III şəkil

Məhkumların barakı. Otaqda məhkumlardan Ayaz, Andrey, Vüsal, İqrar kətildə əyləşib söhbət edirlər. Bu arada İkram çox üzgün, pərt halda içəri girir.

İqrar. Nətəhər oldu? Qayıtdın?

Ayaz. Rəislə danışa bildinmi?

İkram. Hə, danışdım. Bu necə adamlıqdan kənar insanmış... (Ayaz qəhqəhə ilə gülür.) Deyir səni başqası ilə səhv salmışam. Ona görə o baraka göndərmişəm. Deyirəm səhv salmısız, deyin ki, bu adam oralıq deyil, getsin başqa dəstəyə, ya bir müddət qalsın karantində. Deyir yox, səhv də olsa sən bir gecə o barakda yatandan sonra səni başqa baraka göndərə bilmərəm. Heç kim razı olmaz sən onun barakında yaşayasan. Olsa-olsa sənə qapının ağzında yer verərlər. Sən artıq korlanmış hesab olunursan, təmiz oğlan deyilsən.

Ayaz. İndi bəs necə olacaq? Axır sözü nə oldu?

İkram. Heç nə, deyir gəl sən sanitarlara briqadirlik elə, işlət onları, özün də bəy kimi yaşa. Sanitarların böyüyü də olsan da biz səni homoseksual hesab etməyəcəyik.

Ayaz. Demək istəyir ki, səni nə "petux” saymayacayıq, nə də təmiz oğlan. Razılaşdın?

İkram. Susdum, çıxdım kabinetindən... Bilirsən, mən başa düşdüm ki, o, necə var bu barakda qalmağımı istəyir. Çox güman ki, məni bura yatab edəndə bilərəkdən nəşələndiriblər ki, ağlım özümdə olmasın. Bu sifarişdir, o biri zondakı avtoritet düşmənlərimin sifarişi. Bu yaramaz da haqqını alıb, sifarişi yerinə yetirir (bir neçə saniyəlik pauza edir, məhkmlar heyrətlə onu dinləyirlər). Düzünü deyim qarşımı kəsən "srok”umun az qalmasıdır. Bununla razılaşmasam məni karsa salıb, sonra da cəzamı artıracaq. Çöldə kimsəsiz qalan ailəm, bir baxımsız körpəm var. Buradan tez çıxmaq, cəzamı uzatmamaq, azad olmaq istəyirəm. Ona görə susdum...

Ayaz. Eh, qardaş, Allah pis adamlara lənət eləsin. Məni də istəməyərəkdən bura atıblar. Bax bu üzdəniraqlar kastasını, təbəqəsini bilirsən kim yaradıb? Cinayətkar oğru aləmi! Bəs oğru aləmini kim yaradıb? Paqonlular. Cinayətkarları öz içlərindən olan adamların əli ilə idarə etmək üçün. Oğru aləmi yox, daha doğrusu bandit yığnaığı... İnandırım sizi, əgər paqon rüşvət almasa, özü qanunlara əməl etsə lotulara heç ehtiyac qalmaz. Mən bunları bilən gündən, əmin olandan sonra oğru aləmini tanımaq istəmədim. Cəzamı sərbəstcəsinə çəkmək istədim. Bir dəfə isə pul gücünə lotu adı alanlardan biri ilə böyük mübahisəm baş verdi. Qaçmadım qabağından, iş o yerə çatdı ki, əlbəyaxa olduq. Gücümün çatmayacağını görəndə kəllə atıb çənəsini qırdım. Mən də homoseksual deyiləm. Cəzalandırmaq üçün məni zorlayıb üzdəniraqların içərisinə atdılar. Yerim dəyişilib bu zona gələndən bəri mən də oğru aləminin acığına heç yeri yox, könüllü olaraq yalnız paqonluların kabinetlərini, ayaqyolusunu silib təmizləyirəm. Oğrular özlərini elə aparırlar ki, guya haqq, düzgünlük tərəfdarıdırlar, paqonla yola getmirlər. Yalandır, gizlində hər işdə onlarla məsləhətləşirlər. Mən isə gizlətmədən, açıq-aşkar paqonlulara qulluq edirəm.

İkram. Belə çıxır ki, rəisin oğru aləmi ilə sıx münasibəti var...

Ayaz. Əlbəttə var. Rəisin çalışdığı odu ki, necə var kreslosunu qorusun, vəzifəsinə təhlükə yaradan hadisə baş verməsin, ona ayrılan bu qazanc "obyektini” idarə etsin, bir də kimdən, hardan olsa da pul gəlsin, vəssalam. Qalan hər şeyi o görüntü üçün edir. Guya hər işi qanunla həyata keçirir, məqsədi məhkumlara yüksək yaşayış şəraiti yaratmaqdır və heç bir zonda belə sakitlik, əmin-amanlıq yoxdur. Bax, bu Andreyi görürsən? Homoseksualdır, həm də rəisin qara planlarının yardımçısıdır. O da başını belə saxlayır, fəaliyyətinə görə rəisdən "qrev”ini - ərzaq yardımını alır. Demək sifariş olanda Andreyi təzə gələn məhkumun qaldığı yerə salır. Üstündən bir gün keçəndən sonra zona car çəkdirir ki, filankəs Andreylə oturub-durub, nə bilim yatıb, o da olub üzdəniraq. Ya da ki, zondakı məhkumlardan kimi hörmətdən salmaq istəyirsə Andreyə tapşırır ki, mən həyətdə filankəsi yanıma çağıracağam, sən də o zaman xəlvətdən gəl, onu qucaqla, öp. Andrey də elə edir. Rəis başlayır həmin məhkumla məzələnməyə, "xeyir ola, Andrey səni gəlib qucaqlayıb öpür, deyəsən sən də üzdəniraqlaşmısan”...

Andrey. Kimsəsiz adamam, gəlib-gedənim yoxdu, rəis deyəndən sonra mən neyləyə bilərəm? Salsın karsa, çırpdırıb tapdalatdırsan? Məcburam icra edəm.

Ayaz. Qələt etmə, qorxudan çox, "qrev”ə görə edirsən.

İkram. Doğrudan bu adam nə qədər vicdansızmış...

Bu anlarda Roma içəri hövlənak daxil olur, həyəcanından səsi titrəyir.

Roma. Nizam asdı özünü!..

Bu xəbərdən hamı sarsılır

Ayaz. Necə oldu bu? Hardan asdı?

İqrar. Niyə asdı? Öldümü?

Vüsal. Bir özünə gəl, danış. Hardadır? Kömək lazımdırsa gedək kömək edək.

Roma halsızlıqdan dayana bilməyib sıra ilə düzülmüş kətillərdən birinə əyləşir.

Roma. Mənə demişdi özünü öldürmək istədiyini. Demişdim ağılsızlıq etmə. Yoxlama vaxtı yataqxanada adam olmayanda üçüncü mərtəbənin pilləkanlarının sürahisindən özünü asıb. Yaxşı ki, nəzarətçilərdən biri təsadüfən görüb tez boynuna doladığı mələfəni açıb...

Ayaz. İndi haradadır?

Roma. Apardılar sançasta. Nəfəsi qalsa da ölü kimidir. Sançastın həkimi təcili yardım çağırıb məhkumların xəstəxanasına yatab etmək üçün. Rəis həkimə deyib ki, göndərin xəstəxanaya ölsə də qoy gedib orda ölsün, burada ölməsin.

İkram. Məhkum üçün narahat olmaqdansa öz xeyrini düşünür. Burada ölsə ziyanı dəyər.

Vüsal. Axmaq adam, özünü öldürməklə nə əldə edəcəkmiş...

Roma. (ayağa durub isterik səslə çığırır) Yox, bəlkə də düzünü, o, edir. Belə mənfur həyatda yaşamaqdansa yaşamamaq, ölmək yaxşıdır. Nizamdan sonra mən niyə yaşayım?..

Dolablardan birinə tərəf gedib nəsə axtarır.

Vüsal. Nə axtarırsan?

Roma. Burada qırıq lezva vardı, hanı bəs?

Vüsal. Neynirsən?

Roma. Tapım deyəcəyəm. Aha, tapdım, doğrayacağam özümü.

Vüsal. Başdanxarablıq eləmə!

İqrar. Özünü göstərmək istəyir, yəni sevir...

Roma. Kəsəcəyəm damarımı, qoy qanım axsın, ölüm.

Vüsal. Qanınla buraları murdarlama. Duxlu cayılsan, get qanını rəisin otağında tök.

Roma. Vüsalə, yaxşı da, mane olma mənə...

Roma lezva qırığı ilə damarını kəsməyə ürəyi gəlməsə də barmağından ovcunadək uzun şram çəkir, əli al qana boyanır.

Vüsal. Gördün, neylədin..

Ayaz. Ə, sən dəlisən, neynədiyini bilirsən? Vüsalə, tez bir təmiz əski tap bunun qanını saxlayaq. Zırrama, bununla haran artacaq?

İkram. Roma, özünü on beş yaşlı uşaq kimi aparırsan.

İqrar. Nizam bilsə ki, sən ona görə canına qəsd edirsən, ölməyi təxirə salar.

Əski tapıb Romanın əlini sarıyırlar.

Ayaz. İkram, gəl bunu aparaq sançasta, əlini təmiz tənziflə sarısınlar, daxili rejim qaydalarını pozduğuna görə yəqin ki, axşam da beş sutkalıq salarlar karsa, ağıllanar...

Ayazla İkram Romanı aparırlar.

Andrey. (arxalarınca) Sevginin gücünü gördünüz? Sevgilisi özünü asdığı üçün əlini doğradı. Amma bəxtəvərin beş gün sil-süpürdən, döşəmə yumaqdan canı qurtaracaq, yaxşı dincələcək.

II pərdə

Görüş otağı. İkramın arvadı dar və uzun stolun arxasında əyləşib onu gözləyir. I nəzarətçi otağın mərkəzə sarı bir neçə addım atıb dayanır, ətrafa diqqətlə baxandan sonra kimisə çağırırmış kimi geri dönür.

Görüş nəzarətçisi. Necə oldu, İkramı çağırmadınız? Gəlsin də, görüşünə gələn var.

İkram bu an işəri daxil olur, ona tərəf gəlir.

İkram. Gəldim, gəldim. Qapıda "rejimniklər” ləngitdilər məni bir az, "şirinlik” umurlar.

Görüş nəzarətçisi çıxır. İkram arvadı ilə qarşı-qarşıya qoyulan oturacağa əyləşir. Arvadının onu görməkdən sevinmədiyi hiss olunur.

İkram. Salam. Sənə xəbər göndərmişdim, axı, hələ gəlmə. Niyə gəlmisən? Nə olub, xeyirdimi? Yoxsa uşağa nəsə olub? Uşaq yaxşıdımı?

İkramın arvadı. Uşaqdı da... Yaxşıdı.

İkram. Nə əcəb özünlə gətirməmisən?

İkramın arvadı. Vermişəm anama, o, saxlayır.

İkram. Özün, vəziyyətin yaxşıdımı?

İkramın arvadı. Belə də, pis deyil (ani pauza verir). Bilirsən niyə gəlmişəm? Sözün qısası, mən ayrılmaq, boşanmaq istəyirəm səndən...

İkram. (eşitdiyindən həyəcanlanıb səsini qaldırır) Məndən? Niyə?..

İkramın arvadı. Sənə rast gəldiyim gündən bir xoş gün görmədim. Həmişə əzab-əziyyət içində oldum. Atan-anan məni qaçırdığına görə gəlin kimi qəbul etmədilər. Özün də ümidlərimi puç etdin. Təzəcə ailə qurub xoş həyat yaşamağa başlamışdıq tutuldun. Qaldım tək-tənha, yiyəsiz. İndi də Allah bilir nə vaxt azad olacaqsan, evə qayıdıb mənə arxa olacaqsan. Gözləməkdən yoruldum. Çətindir tək yaşamaq, üstəlik körpə saxlamaq. Heç yerdən köməyim yoxdur. Nə özümünkülərdən, nə də sizinkilərdən mənə bir insan kömək əlini uzatmır.

İkram. Bir müddət də döz, cəzamın sonuna az qalıb.

İkramın arvadı. Yox, daha dözümüm qalmayıb.

İkram. Fikrin qətidir?

İkramın arvadı. Hə, məhkəməyə boşanmaq üçün ərizə yazmışam.

İkram. Deyəsən özünə yaşayacaq adam tapmısan...

İkramın arvadı. Hə, tapmışam.

İkram. Soruşmaq ayıb olmasın, kimdir?

İkramın arvadı. (İkramın belə tez təslim olmasına xoşlandığından çox düşünməyib cavabı pıçıltı ilə deyir) Məm-məd.

İkram. Hansı Məmməd?

İkramın arvadı. Sənin məktublarını mənə gətirən Məmməd.

İkramı elə bil cərəyan vurur, ayağa durur, ani pauzadan sonra yenə oturub diqqətlə arvadını süzür.

İkram. Sevirsən onu?

İkramın arvadı. Sənin üçün fərqi var? Tutaq ki, sevirəm.

İkram. Daha onda nəyi gözləyirik? Gedim çağırım onu. Elə buradaca kəbininizi kəsdirək qurtarıb getsin. Gözlə, beş-on dəqiqəyə onu tapıb birgə qayıdıram. Səbrli ol, gəlirəm.

İkram yerindən qalxıb tələsik addımlarla otaqdan çıxır.

İkramın arvadı. (İkramın arxasınca çağırır)Getmə, hara gedirsən?

Səhnə dəyişir. Sanitarların barakı görünür. İkram təngənəfəs içəri girir. İçəridə təkcə kətildə oturub xəyala dalan Ayaz var.

Ayaz. Nə olub sənə, rəngin qaçıb? Otur görüm, özünə gəl.

İkram kətillərdən birinə əyləşir. Bərk qanının qaraldığı hiss olunur.

İkram. O nəzarətçi Məmməd var ha, işdədi, yoxsa çıxıb növbədən?

Ayaz. O gərək ki, dünən gecə növbədə idi, bu gün dincələn günüdür.

İkram. Növbətçi hissədən soruşdum, onlar da elə cavab verdilər.

Ayaz. Nə olub axı, nə baş verib, bir məni başa sal. Sən indilərdə görüşdə olmalısan, bura niyə gəlmisən?

İkram. Məmmədin belə şərəfsiz olduğunu bilməmişəm. Bizim qəsəbədə yaşadığı üçün onunla arvadıma bir neçə dəfə məktub göndərmişdim. Hər dəfə də hörmətini etmişəm. O isə bu get-gəldən istifadə edib arvadımı ələ alıb. Arvad indi gəlib ki, səndən boşanıram. Soruşdum ki, məndən boşanıb kimə gedirsən, deyir Məmmədə...

Ayaz. (heyrətlənir) Nə danışırsan? Ay oğraş... eybi yox, sabah işə gəlsin, şalvarını çıxararıq.

İkram. İnan Allaha, indi burda olsaydı sifətinə ömründə silinməyən bir şram açardım (cibində gizlədiyi bıçağa işarə edir). Yox, mən sabahadək hirsimdən partlayıb ölərəm. Məmməd olmasın, bu qancığı cəzalandıraram (hirslə ayağa durub gedir).

Ayaz. (ardınca qışqırır) İkram, etmə! Səbrsiz olma, sabahı gözləyək onun "payını” lazımınca verərik, eşidirsən?

İkram onun qışqırığına əhəmiyyət vermədən otaqdan çıxır. Səhnə dəyişir. Yenidən görüş otağı görünür. İkramın arvadı narahatlıqlı deyinir.

İkramın arvadı. Bu hara getdi? Başıboş "gəlirəm” deyib, sözümü yarımçıq qoyub getdi. Mən hələ bütün günü burada oturub bunu gözləyəcəyəm?

İkram kefsiz, əzgin halda gəlib öz stulunda əyləşir.

İkram. Heyf ki, tapmadım Məmmədi, "smen”dən çıxıb. Yoxsa məsələni birdəfəlik həll edib xeyir-dua verərdik.

İkramın arvadı. Qoymadın sözümü deyəm, tamamlayam. Mən bilirəm ki, Məmməd işdə deyil. Onun olub-olmamasının bir əhəmiyyəti yoxdur. Sən kimliyi ilə maraqlandın, mən də ona görə adını çəkdim. Çəkməyə də bilərdim. Gəlməkdə əsas məqsədim odur ki, biləsən, məhkəmədən sənə göndəriləcək boşanma ərizəsinin surətini görəndə təəccüblənməyəsən.

İkramın arvadı yerindən durub getməyə hazırlaşır.

İkramın arvadı. Hə, bir də, onu da deyim ki, bax, Məmmədə heç bir kəlmə söz-filan deməyəsən. Onun heç nədə günahı yoxdu. Hər şey mənlikdir.

İkram onun son sözlərindən sonra qəzəbindən əsərək ayağa qalxdı. Cibindən gizlədiyi bıçağı çıxarıb arvadının döşünə dirəyib yaralayır.

İkram. Məmmədin də, sənin də nəslini, var-yoxunu.... qancıq!

İkramın arvadı. (bıçağın ağrısından haray çəkir) Qoymayın öldürdü məni, kömək edin!..

Haraya gələn nəzarətçilər tez qadını İkramın əlindən alırlar. Biri yaralı qadını, digəri İkramın qolunu qandallayıb aparırlar.

III pərdə

Səhnədə hündür damı olan tikili görsənir. Tikilinin damında isə bir nəfər Qara geyimli məhkum özünü aşağıya atacaq vəziyyətdə durub. Binanın qarşısındakı həyəti Andreylə Vüsal süpürüb zibillərini təmizləyirlər. Digər beş-altı məhkum söhbət edə-edə gəzişirlər.

Qara geyimli məhkum. Ay camaat, eşidirsiz, mən nə üzdəniraq, nə də sanitar deyiləm. Məni bu zonaya gətirən kimi təcridxanaya saldılar. Dedilər əmr belədir, sən daxili rejim qaydalarını pozmusan, beş sutka karsda qalmalısan. Rəis özü göstəriş verəndən sonra kimə şikayət edə bilərdim. Dedilər etiraz edərsən, üstündə narkotika tutarıq, soyuq silah, valyuta tutarıq, xuliqan adı ilə birini üzünə durdurub, təzədən cinayət işi açaraq cəzanı artırarıq. Kimə sübut edəcəksən ki, böhtandır, yalandır. Sonra gecələrin birində kamerama bir dustaq gətirdilər. Bu da bir gecəlik burada qalacaq dedilər. Səhəri gəlib onu kameramdan çıxartdılar. Çıxanda bilmişəm ki, o üzdəniraq imiş, sanitar imiş. İndi üstümə ad qoyub şərləyirlər ki, guya gecə mən onunla yatmışam, cinsi əlaqədə olmuşam, bəs sən də üzdəniraqsan (ani pauza verir). Ay camaat, eşidin, bilin, bu şərdi, böhtandı, yalandı. Mən bilməmişəm ki, o, homoseksualdı, üzdəniraqdı. Bir məhkum yoldaş saymışam, oturmuşuq səhərə kimi söhbət etmişik, başqa aramızda heç nə olmayıb. Onu öyrədiblər, yalandan deyir ki, mən onunla yatmışam. Vallah, billah elə iş olmayıb...

Vüsal. Andrey, yenə bu söhbəti sən yaratmısan?

Andrey. (mızıldanır) Mən neynim, mənə niyə deyirsən?

İki nəzarətçi də gəlir.

I nəzarətçi. Yenə xeyir ola topalaşmısız bir yerə? Kim icazə verib sizə? İcazəniz var? Toplaşmaq üçün icazə almaq lazımdır. İcazəsiz olmaz. Başqa məhkumların istirahətini, asayişini pozursuz. Yavaş-yavaş dağılışın, durmayın burda...

II nəzarətçi. (damdakı Qara geyimli məhkumu görüb I nəzarətçiyə deyir) Ə, bu nə vaxt çıxdı dama xəbərimiz də olmadı...

I nəzarətçinin sözlərinə əhəmiyyət verilmir. Onlar da dayanıb Qara geyimli məhkumu dinləyirlər.

Qara geyimli məhkum. Eşidirsiz, mən homoseksual deyiləm, mən üzdəniraq deyiləm. Mən sanitar olmayacağam. Mən bu adla cəza çəkə bilmərəm, yaşaya bilmərəm. Ona görə də mən xahiş edirəm, tələb edirəm, bu adı mənə yapışdırmasınlar, deməsinlər, üstümdən götürsünlər. Mənim günahsız olduğumu, öz elədiklərini etiraf etsinlər. Yoxsa, mən buradan özümü aşağı atıb öldürəcəyəm...

I nəzarətçi. Gəl düş aşağı, ağıllı ol, bizi də iş-gücümüzdən ayrı salma. Orda nitq söyləməklə heç nə əldə edən deyilsən. Düş gəl, gedək rəisin yanına, danışaq, söhbətləşək, yoluna qoyaq problemini.

II nəzarətçi. Elə bilirsən ki, dama çıxmaqla istəyinə çatacaqsan?

Qara geyimli məhkum. Guya rəis bilmir? Elə bu işləri düzüb-qoşan rəis deyilmi? Mən istəyirəm ki, rəis özü gəlsin, hamının da qarşısında desin ki, bu məhkum üzdəniraq deyil.

I nəzarətçi. Sən bunun iştahasına bax, rəis gəlsin... Daha kimi istəyirsən?

II nəzarətçi. Rəis gəlsə sənin özünü atmağın lazım gəlmiyəcək. O özü çıxıb səni oradan aşağı tullayacaq.

Qara geyimli məhkum. Siz inanmırsız özümü öldürəcəyimə? Mən yenə deyirəm, mən üzdəniraq deyiləm, mən bu adla yaşamayacağam. Əgər bu ad, bu ləkə üstümdən götürülməsə, özümü buradan atıb öldürəcəyəm.

I nəzarətçi. (o biri nəzarətçiyə deyir) Sözdü də deyir. Qışqırıb-qışqırıb axırda yorulub özü düşəcək, gəl gedək.

II nəzarətçi. Uzağı acıyana qədərdi danışmağı, sonra orada durmağa heç halı olmayacaq. Çox güman onu kimlərsə qızışdırıb təşkil ediblər.

Qara geyimli məhkum. Demək inanmırsız, hesab edirsiz ki, yalandan deyirəm, tamaşa göstərirəm. Yaxşı, indi görərsiz özümü öldürməyi.

O, asta addımlarla divarın kənarına gəlir. Həyətdəkilər maraqla nə baş verdiyini gözləyirlər.

I nəzarətçi. Ay kişi, yenə deyirəm, ağlın olsun, inad etmə...

II nəzarətçi. Bizə lazım deyil sənin özünü öldürməyin.

Qara geyimli məhkum. Özümü öldürməməyimi istəyirsizsə, tələbimi yerinə yetirin. Yetirmirsizsə, mən sizə xəbərdarlığımı etdim, sözümü dedim. İndi baxın, ölsəm günahkar sizsiz.

Həyətdəkilər dəhşətdən sarsılıb nə edəcəklərini bilmirlər. Qara geyimli məhkum hündürlükdən yerə atılır. Divarın yaxınlığındakı məftillər onun düşmə sürətini azaldır, yerə bərk çırpılmasının qarşısını alır və sonda torpağa düşüb arxası üstə sərili qalır.

I nəzarətçi. Ə, doğrudan atdı özünü...

II nəzarətçi. Görək öldü, ya qaldı?

Hamı yerə uzanmış Qara geyimli məhkumun başına yığışır. Nəzarətçilər onun ölüb ya ölməməsini yoxlayırlar. Hamı həyəcan içindədir.

I nəzarətçi. Şükür Allaha, ölməyib, nəfəsi gəlir. Su gətirin, sifətinə, alnına vurun özünə gəlsin.

Su gətirib nəzarətçinin dediyi kimi edirlər. Qara geyimli məhkumun halının özünə qayıtdığını görən II nəzarətçi ətrafındakı məhkumlara göstərişlər verir.

II nəzarətçi. Bərk əzilsə də, ciddi bir şey yoxdur. Kömək edin. Kömək edin dursun. Bəxti gətirib ki, yumşaq torpağın üstünə düşüb.

Məhkumlar Qara geyimli məhkumu ayağa durmaq üçün köməklik etmək istərkən, o, qıçlarını tərpədə bilməyib ağrıdan nalə çəkir.

Qara geyimli məhkum. Ay Allah, öldüm dəyməyin mənə, qoyun uzanım, dura bilmirəm. Siz Allah, yalvarıram, toxunmayın, qıçlarım elə bil yoxdu, tərpədə bilmərəm...

Nəzarətçilər onun qışqırtısına əhəmiyyət verməyib qıçlarını əl ilə yoxlayıb tərpətməyə cəhd edirlər.

I nəzarətçi. Odun kimi ağırlaşıb, deyəsən qıçları sınıb. Xərək gətirin, tez sançasta aparmaq lazımdır.

II nəzarətçi. Yəqin ki, elədir. Yoxsa ayağına toxunanda belə nalə çəkməzdi

Qara geyimli məhkum ağrıdan zarıntılı qışqırır... Ətrafındakı məhkumlar onu sakitləşdirməyə çalışırlar. O, birdən aralıda dayanıb gördüklərindən mütəəssir olan Andreyi görür.

Qara geyimli məhkum. Andrey, yaxın gəl. Allaha inanırsan, sən?

Andrey. Əlbəttə, inanıram.

Qara geyimli məhkum. Onda Allaha and iç ki, aramızda heç nə olmayıb. And iç Allaha! Allah ki, hər şeyi görür.

Qara geyimli məhkumun halına acıyıb kədərlənən Andrey nəsə deməyə tərəddüd edir.

Qara geyimli məhkum. Andrey, o uca Allahın xatirinə düzünü de. Düzünü de, hamı bilsin həqiqəti, mənim günahsızlığımı...

Qara geyimli məhkumun yalvarış dolu səsindən təsirlənən Andrey daha dözmür.

Andrey. And olsun o uca Allaha ki, bizim aramızda heç nə olmayıb...

Qara geyimli məhkum eşitdiyi bu sözlərdən sonra ağrısı nəfəsini kəssə də sevincindən ağlamağa başlayır.

Qara geyimli məhkum. Siz də eşitdiz? Mən üzdəniraq deyiləm! Mən sanitar deyiləm! Eşitdinizmi? Şükür sənə, ay Allah, şükür...

İki məhkum xərəklə gəlir. Həm ağrıdan naləyən, həm də sevincindən ağlayan Qara geyimli məhkumu köməkləşərək xərəyə uzadıb sancasta aparırlar.

IV pərdə, I şəkil

Sanitarların barakı. Axşam yoxlamasından sonra hamı bir yerə yığışıb dərdləşirlər. Ayaz, İqrar, Andrey, Vüsal və daha başqa yeddi sanitar.

Ayaz. Cənablar! (hamı gülüşür, özü də gülümsəyir) Niyə gülürsüz? Bizdən cənab olmaz? Onu hələ bilmək olmaz. Hə, vəziyyətimiz günü-gündən hər dəfə rəisimiz deyən fasonda yaxşılaşmır, əksinə pisləşir. Düzmü deyirəm?

Bütün məhkumlar: "Doğrudur. Elədir”, - deyərək təsdiqləyirlər.

Andrey. Pisdən də pisdir.Bax, bir azdan "ujin”ə gedəcəyik. Kimsə doyur o yeməklərdən? Qara yavan çörəyi nə qədər yemək olar? Bir ovuc quru çayımız qalıb, beş-on dişləm qənd, iki paçka da siqaretimiz. Pulumuz da yoxdur.

Vüsal. Həm də işimiz çoxalıb. Gedənlərin işlərini də biz görürük.

Ayaz. Düzdür. Nizamla Roma "mühacirətə” getdilər – başqa zona köçürüldülər. Briqadirimiz İkramın da işi artırılıb əsas qapalı türməyə göndərdilər. Rəis deyib gedənlərin əvəzinə yaxınlarda başqa yerlərdən yenilərini yatab edəcəklər.

İqrar. Korluq çəkməyimizdən bəyəm rəisin heç xəbəri yoxdur?

Ayaz. Əlbəttə ki xəbəri var. Onun zonda olan hər şeydən xəbəri var. Sadəcə bəzi işlər ona sərf etməyəndə özünü vurur bilməməzliyə, guya xəbəri yoxdur, ona deyən olmayıb.

Vüsal. Ayaz, gününün çoxunu onların kabinetlərində, dəhlizlərində səliqə-sahman yaratmaqla keçiriirsən. Ağlın nə kəsir bu işlərdən? Niyə bizim dolanışığımızla maraqlanan, narahat olan yoxdur? Axı, əvvəllər belə olmurdu. Həmişə bizə az-çox kömək edərdilər.

Ayaz. Bilirsiz, onların özlərinin də vəziyyətləri əvvəlkindən pisləşib. Necə deyərlər böhran əmələ gəlib. Niyə? Niyəsini tam bilmirəm. Amma, idarədə eşitdiklərimdən belə başa düşdüm ki, rəis rüşvət payladıqlarından icazəsiz məhkumlar üçün verilən ərzaqlardan çöldəki bazarlarda gizlin satdırırmış. Necə olubsa, üstü açılıb, böyüklər qəzəbləniblər. O da böyüklərin qəzəbini sakitləşdirmək üçün bilmir necə cəriməsini ödəsin. Bütün günü yalnız onu fikirləşir ki, nə etsin, nə qaydalar yaratsın ki, daha çoxlu pul əldə etsin. Ona görə də xəlvəti satdırdığı narkotikdən tutmuş hər şeyin - zondakı bütün haqların, ödəmələrin qiymətini artırıb. Tənbehləri, karserə salmaları çoxaldıb. Avtoritetlər bu artımlara etiraz edəndə, o da hər ay bu zondan oğru aləminin "katyol”una gedən pulun qarşısını alıb. Beləliklə lotuların da narazılığını qazanıb. Qısası, vəziyyəti xarabdır, ona görə də sanitar-filan qulağına deyil. Yəqin düşünür ki, qoy necə bacarırlar, elə də yaşasınlar.

İqrar. Bizdən əsirgədiyi on manatlarla yığmaq istədiyi on minlər düzələcək? Cibindən vermək istəmir, onda adımıza yazdıqları maaşı versinlər. Maaşın yarısına da razıyam. Belə olmaz, axı, sanitar olanda nə olar, biz də adamıq...

Andrey. Sanitarı bəyənmirlər, adam saymırlar. Ancaq, sanitarsız batarlar, poxlarına bulanarlar. Bir gün əlimizi ağdan qaraya vurmasaq, gör nə günə qalarlar, zibildən göz aça bilməzlər. Düz demirəmmi?

Digər yeddi sanitar: " Bəli, bəli, düz deyirsiz”, - deyərək təsdiqləyirlər.

İqrar. Gəlsənə belə bir iş görək, sözü bir yerə qoyub bir neçə gün heç yeri silib-süpürməyək. Tələbimizi qoyaq ki, maaşımızı verin, işləyək. Olar? Edə bilərik?

Ayaz. Alınmayacaq. Onda qatacaqlar bizi dubinkanın qabağına, eşşək kimi döyəcəklər. Tutaq ki, sən dözdün, mən dözdüm, bəs Vüsalə, Andrey, (digər yeddi sanitarı göstərir) bu uşaqlar dözə biləcəklərmi?.. Yox, başqa yol fikirləşib tapmaq lazımdır.

Bu arada Görüş nəzarətçisi içəri daxil olur.

Görüş nəzarətçisi. İqrar hansınızsız?

İqrar. Mənəm.

Görüş nəzarətçisi. Görüşə bir xanım gəlib. Deyir dostu Nazimin yoldaşıyam, sənin üçün bağlama gətirib.

İqrar. Mən istəmirəm onunla görüşmək. Deynə karsdadı, gələ bilmir.

Vüsal. Ağlın var sənin? Bu kasıb vaxtımızda Allah bağlama yetirib, sən də ondan imtina edirsən...

İqrar. Yox, getmirəm, utanıram o qadından.

Vüsal. Onda mən sənin yerinə gedib o bağlamanı alaram.

Görüş nəzarətçisi. Necə istəyirsiz, elə də edin. Deyərsiz İqrar xəstədir, bağlamanı siz götürərsiz. Gedək.

Vüsal Görüş nəzarətçisi ilə gedir.

Ayaz. (İqrara yaxınlaşır) Doğrudan, nə məsələdir, mənə çox maraqlı gəldi, niyə o qadınla görüşmək istəmədin?

İqrar. Nə deyim, vallah, görüşə də bilərdim. Amma, qəlbən utanıram (pauza verir). Danışım da, danışmasam inciyəcəksən. Bu xanımın əri dostum idi. Bankda bir yerdə işləyirdik. Çox mehriban idik. Aramızdan su keçmirdi. Başqaları həsəd aparırdı yaxınlığımıza. Bir gün bildim ki, o da mənim kimi biseksualdı. Ağlımı necə aldısa başladıq birlikdə bu xanıma xəyanət etməyə. O fağırın isə heç nədən xəbəri yox idi. Sevinirdi ki, ərinin belə mehriban dostu var, daim bir yerdə olurlar və əri başqa əyləncə, qadın arxasınca qaçmır. Məni bir abırlı, normal adam bilirdi. Bu səbəbdən onunla rastlaşanda vicdan əzabı çəkirdim. Elə indi də, o, həqiqəti bilmir. İstəyərdim ki, heç vaxt da bilməsin...

Ayaz. Bəs sonra nə oldu?

İqrar. Sonra elə oldu ki, maliyyə təftişlərinin birində bu dostumun xeyli yeyintisi aşkarlandı. Əslində Nazim həbs edilməli idi. Mən subay idim, o isə evli. Yalnız o qadına görə, onun gözü yaşlı qalmaması üçün Nazimin yeyintisini, cinayətini öz boynuma götürdüm, həbs olundum. Həbsimdən sonra nə vaxtsa, bir gün bu həqiqətin üzə çıxacağından qorxub onunla görüşməkdən imtina etdim. Odu ki, özü görüşə gəlməsə də, aradabir tanışı, ya da arvadı ilə hələ ki mənə bağlama göndərməkdə davam edir.

Ayaz. Həqiqətən, siz mavilər anormal insanlarsız. Bədənləri ilə ruhları bir-birinə uyğun olmayan anormallar!..

Vüsal əlində bağlama geri qayıdır. Bağlamanı dolabın üstünə qoyub içərisini araşdırır.

Vüsal. Bəh, bəh,bəh... Nələr yoxdu... Çay, qənd, siqaret, çərəzlər. Hələ bəzi şeyləri nəzarətçi götürdü özünə, götürməsəydi partlayardı, acgözlükdə rəisinə oxşayıb... Hə, bax, bu bağlama bu qədər adama bəs edər iki gün, uzağı üç gün. Bəs sonra nə edəcəyik?

Andrey. Sonra da Allah kərimdir. Görək Allah haradan yetirəcək?

Vüsal. Birdən yetirmədi?

Ayaz. Yetirməsə, ağlıma bir fikir gəlib: dama çıxan Qara geyimli məhkum vardı ha, onun sayaq hamımız bir nəfər kimi heç kəsin gözləmədiyi halda qalxırıq damın üstünə, tələb edirik ki, maaşlarımızı versinlər.

İqrar. Deyirsən elə etsək xeyri olar?

Ayaz. Beş-altı saat bizə ediləcək hədə-qorxulara tab gətirib düşməsək, damda dayana bilsək, xeyri olacaq. Etirazımızın səsi yuxarılara çatsa, rəis mütləq yumşalıb, vədlər verəcək. Lap düşəndən sonra döysələr də məcbur olub daha bizə diqqət ayırmalı olacaqlar. Vüsalə, sən bağlamadakıları aç, yerbəyer et, olanlardan rahat istifadə edə bilək.

Vüsal bağlamanı boşaldıb içindəkiləri ayırdlayır

IV Pərdə, II şəkil

Bütün sanitarlar etiraz üçün hündür tikilinin üstünə çıxıblar. Həyətdə tikilinin ətrafına beş-altı nəzarətçi və xeyli məhkumlar toplaşıblar.

I nəzarətçi. Yenə nə dırmaşmısız dama? Nə görmüsüz bu damın başında, yer başınıza darlıq edir? (yanındakı nəzarətçiyə) Avtoritetlərin işidir, irəli verib çıxardıblar bunları dama...

II nəzarətçi. Siz də özüvüzü atacaqsız aşağı, yoxsa havanızı dəyişib düşəcəksiz?

Ayaz. Biz dama kefimizdən yığışmamışıq. Çarəsizlikdən yığışmışıq. Biz həftələrdir deyirik, danışırıq ki, kasıbçılıqdan batırıq, ancaq bizə əhəmiyyət verən, sözümüzü dinləyən yoxdur. Dəfələrlə rəisə nəzarətçilərlə, zabitlərlə xəbər göndərmişik, dərdimizi demişik, yalvarmışıq. Mən özüm üç dəfə rəisə xahiş etmişəm. Heç bir xeyri olmayıb. Həmişə də cavab bu olub ki, dözün, müvəqqəti çətinlikdir. Nə qədər dözək? Bu "müvəqqəti”lər nə qədər olacaq? Son günlər isə özləri öz yalanlarından yorulub başlayıblar bizi hədələməyə, qorxuzmağa, döyməyə, növbə ilə karsa salmağa. Bizimlə heyvan kimi rəftar edilməsinə qarşı çıxmaq, etirazımızı bildirmək üçün başqa yol tapmadıq, dama çıxmalı olduq. Bəlkə bu yolla səsimizi, sözümüzü yuxarılardan eşidən olar, bizi adam sayan tapılar...

I nəzarətçi. Elə bilirsiz siz dama çıxan kimi millət tökülüb gələcək ki, ay aman, görən bu sanitarların dərdi nədir?..

II nəzarətçi. Sizi kim öyrədib dama çıxasız? Narazılığınız nədir, kimdən, nədən küsmüsüz?

İqrar. Bizi heç kim öyrətməyib. Özümüz çıxmışıq. Daha dilənməkdən yorulmuşuq. Nəqədər ondan-bundan bir ovuc quru çay istəmək, tikə qənd istəmək, dənə siqaret xahiş etmək, doymaq üçün başqasının yemədiyini, qalığını alıb yemək olar? Adamda üz-abır da qalmayıb. Sonra da deyirlər sanitarlar çox sırtıq və həyasızdırlar. Sanitarı məcbur edirlər ki, sırtılır da...

Vüsal. Təmizlik işi sanitarın boynunda, yük daşımaq, yükləmək, boşaltmaq zamanı çağırın sanitarı dartsın canı çıxa-çıxa, təmir-abadlıq işlərində yenə gəlsin sanitar işləsin. Eşşək təki işlə, axırda da eşşəyə edilən qədər qiymətin olmasın.

Andrey. Eybi yox, bir-iki günə kanalizasiyaları aşıb-daşanda görəcəyik vəziyyətlərini, onda biləcəklər qədrimizi.

Digər yeddi sanitar da: ”Biz də bezmişik belə yaşamaqdan, bizə kömək etmək istəyən yoxdu”,- deyərək danışanlarla həmrəyliklərini bildirirlər.

I nəzarətçi. Siz yerə düşən kimi hər biriniz üçün ayrıca qədir ağacı əkəcəyik.

II nəzarətçi. Qısası, qarnınızın ağrısı nədir? Nə istəyirsiz?

Ayaz. Biz nə istəyirik? Çox şey istəmirik, adi gündəlik tələbatımızın ödənməsini istəyirik. Yorulub dincələndə yerə atılan kötükləri yox, adam kimi siqaretimizi çəkək, çayımızı içək, lavkadan ürəyimiz istəyəni alaq. Rəis əvvəllər bu işə nəzarəti müavinlərindən birinə tapşırmışdı. İki aya yaxındır qalmışıq Allahın ümidinə. Belə olan halda biz tələb edirik ki, bizə yazılan maaşlar özümüzə verilsin. Biz haqqımızı, maaşımızı tələb edirik. Hərə maaşını alsın, puluna uyğun xərcləsin. Bəsdi, üzü minnətli, ələbaxım, gözükölgəli yaşadıq.

İqrar. Bəli, öz haqqımızı, maaşımızı versinlər artıq heç nə istəmirik. Özlərinin pulundan xərcləməsinlər bizim üçün, lazım deyil, Halal maaşımız yetər bizə.

Vüsal. O günü baş mühasibi görüb soruşmuşam ki, bizim pulumuzu niyə vermirsiz? Deyir, guya hər birimizin hesabında toplanır, azadlığa çıxanda alacaqsız. Yalan deyir gözünün içinəcən. Heç bir sanitara cəzadan azad olanda pul verilmir. Olmayıb belə bir şey, görməmişik, eşitməmişik Bilirlər ki, kimsə qorxudan şikayət edən deyil, lap etsə də "petux”du deyib adam hesab etməyəcəklər...

Andrey. Mən azad olmuş köhnə dostlarımdan dəfələrlə maraqlanıb öyrənmişəm. Evinə, yaşadığın yerə çatmaq üçün qanunla ayrılmış yol pulunu cəzasını qurtaranlara vermirlər, hələ qalmışdı ki, əmək haqqı verələr...

Tələsik addımlarla gələn bir nəzarətçi digər nəzarətçilərə yanaşır, bütün nəzarətçilər yığılıb öz aralarında vəziyyəti müzakirə edirlər.

I nəzarətçi. Rəis göstəriş verib ki, nə qədər gec deyil, öz xoşluqları ilə damdan düşsünlər. Elə etməsinlər ki, xüsusi təyinatlı əsgərləri çağırtdırım. Əsgərlər gəlsə bütün zona pis günə qalacaq, sizin ucbatınızdan başqa məhkumlar da əziyyət çəkəcəklər, sonra aqibətiniz necə olacaq gözünüzün qabağına gətirin.

Ayaz. Biz elə çox da deyilik, bizi burdan düşürmək çətin olsun. Risk etmək istəmirsiz. Yəqin o biri məhkumların da bizim etirazımıza qoşulacağından ehtiyatlanırsız. Əsgər gəlsə ürəkli olacaqsız, eləmi? Bizsə qorxmuruq, nə olacaq, qoy olsun, onsuz da belə yaşamaqdan bezmişik.

İqrar. Qoy nə istəyirlər etsinlər. Ölmək ölməkdir, xırıldamaq nəyə gərəkdir...

II nəzarətçi. Rəis buyurub ki, gəlsinlər söhbət edək, hər birini qəbul edib tələblərini dinləyəcəyəm.

Ayaz. Yox. Biz maaş məsələsinin həllini istəyirik. Rəis onu etməyəcək, bizi həmişəki kimi yenə aldadacaq. Uzağı bir gündən sonra növbə ilə hamımızı cəzalandıracaq. Yetənə yetəcək, yetməyəni də yerini dəyişdirəcək başqa zona, yəni "mühacirətə” göndərəcək. Yuxarıdan – böyüklərdən kimsə gəlməyənədək biz heç bir söhbət üçün aşağı düşməyəcəyik.

İqrar. Gözləyəcəyik, yuxarıdan da gəlməsələr, onda burdan özümüzü hamılıqla atacağıq aşağı. Ya öləcəyik, ya da şıkəst qalacağıq.

Nəzarətçilər yenə bir yerə yığılıb öz aralarında götür-qoy edirlər. Çox narahatdılar, hərdən biri tələsik səhnədən çıxır, digəri qayıdır.

İqrar. (sanitar yoldaşlarına uzağı göstərib çığırır) Bir baxın müəssisəyə tərəf ard-arda neçə maşın gəlir...

Vüsal. (həyəcanla) Yəni belə tez əsgərləri gətirirlər bizi döyməyə?

İqrar. Qorxma, bunlar əsgər maşınları deyil, olsa-olsa qonşu müəssisənin nəzarətçiləridi. Yəqin eşıdib gəlirlər ki, rəisə kömək etsinlər sakitliyin qalması, itaətsizliyin onlara da keçməməsi üçün.

Ayaz. Mən sizə dedim axı, heç axşamadək yox, günortayacan dözüb damda dura bilsək xəbər gedib böyüklərə də çatacaq. Rəis daha bizim etirazımızı heç cürə gizlədə bilməyəcək.

Damdakılar müəssisənin qarşısına ard-ardınca yığılan çoxsaylı avtomobillərə tərəf baxmaqda davam edirlər. Həyətdəki məhkumlarda da bir canlanma hiss olunur. Səhnəyə daxil olan sonuncu nəzarətçinin yoldaşlarına gizlin pıçıldadığı son işmarışın nəticəsi kimi həyətdə hərə öz koordinatına çəkilir. Bir qədər pauzadan sonra I və II nəzarətçilər damdakılara tərəf yaxınlaşırlar.

I nəzarətçi. Eşidirsiz, baş idarədən gələn inspektor tələblərinizi bilmək üçün sizdən iki nəfəri qəbul etmək istəyir. Kim istəyir düşsün aşağı.

"Baş idarədən gələn inspektor” sözlərini sanitarlar sevinclə, alqışlarla qarşılayırlar.

Ayaz. (İqrara) Gəl gedək ikimiz də...

İqrar. Yox, sən tək get. Sən onların dilini məndən yaxşı bilirsən. Biz sən gələnədək gözlərik, aşağı düşmərik.

Ayaz. Elə isə mən gedirəm, siz isə mən qayıdanadək damdan aşağı düşıməyəsiz ha... Birdən aldanarsız, bərk durun!

Vüsal. Düşməyəcəyik.

Andrey. Xeyirli olsun. Səni gözləyəcəyik.

Ayaz nəzarətçilərin gətirtdikləri nərdivanla aşağı enir.

II nəzarətçi. Daha elə birdəfəlik hamınız düşün də, məqsədiniz idarədən adam gəlməsi idi, o da gəldi.

Ayaz. Yox, düşməsinlər, hələ görək, axırı nə olacaq?

Ayaz nəzarətçilərdən birinin müşayiəti ilə inspektorun qəbuluna gedir. Həyətdə məhkumlar, damda isə sanitarlar toplaşıb söhbət edirlər.

Vüsal. İqrar sən inanırsan ki, o idarədən gələn xeyrimizə nəsə edəcək?

İqrar. Maaşımızı özümüzə verməsələr də, məcbur olub əvvəllər olduğu kimi bizi korluq çəkməyə qoymazlar, buna inanıram.

Andrey. Kaş maaşımızı özümüzə verəydilər. Lavkadan özümçün ürəyim istiyən bütün şirniyyatlardan alardım, kef eləyərdim. Yoxsa başqası alanda baxırsan həsrətlə udquna-udquna...

Vüsal. Eh, sən də uşaq kimi ölürsən şirnidən ötrü. Üzündə ağ tüklər çıxmağa başlayıb, amma nə olsun, ağlın uşaq ağlıdır. Sən qorx ki, bizi aldatsınlar, sonra da tək-tək karserə salıb necə lazımdı tapdalasınlar. Desinlər, bunumu istəyirdiz, pulu dalınızı görəndə görərsiz...(qəhqəhə çəkib gülür, sanitar yoldaşları da ona qoşulub gülürlər)

İqrar. Hə, gülün, kef eləyin, gülən gününüzdü. Damda gülməyin özü də bir ləzzətdi. Damda gülməyə nə var, oğul deyərəm yerdə də gülsün...

Vüsal. Qorxmuruq, eh cəhənnəmə ki, nə olacaq, olacaq...

Digər sanitarlar da ona qoşulub:"Biz də qorxmuruq”, - deyirlər.

Andrey. Nə olur-olsun, nə qədər döyürlər-döysünlər, hüququmuzu alacaqlar da, ruhumuza ki, sahib ola bilməyəcəklər...

Vüsal. Həqiqətən, rəisin nə qədər pulu, səlahiyyəti də olsa da, o bədbəxt daim qorxu içində yaşayır. O, bilir ki, təkcə biz sanitarlar deyil, məhkumların əksəriyyəti ona ürəyində nifrət edirlər. Hamı ona adamlığına görə yox, vəzifəsinə görə salam verir. Sabah işdən çıxarsalar heç öz paqon yoldaşları ona salam verməyəcəklər. Bilir, amma özünü elə göstərir ki, guya zor oğlandı, əvəzolunmazdı, ondan yaxşı rəis yoxdu...

Andrey. Gör neçə vaxtdı rəis işləyir, hər ay nə qədər pul yığır, gəl ki, heç gözü doymayır.

İqrar. Ayazın sözü olmasın, vəzifəsində qalmaq üçün o qədər rüşvət paylayırsa, hardan doysun...

Yenidən bir qədər pauza yaranır. Az keçmir həyətdəki nəzarətçilərin gediş-gəlişi əvvəlkindən də çox artmağa başlayır. I nəzarətçi damdakılara tərəf yaxınlaşıb səslənir.

I nəzarətçi. Eşidirsiz, göstəriş var ki, damı tərk edəsiniz. Bəsdi daha, düşün aşağı!

İqrar. Özünüzü yormayın. Ayaz gəlməsə, düşməyəcəyik. Ayaz gəlsin, düşək. Onsuz buradan aşağı düşməyəcəyik.

II nəzarətçi. Sizin üzünüzə deyəsən, çox xoş baxıldı, nazınızla oynanıldı. İndi çıxıb ordan zibil kimi tullayacayıq aşağı.

İqrar. Gəlin atın. Öldürmək istəyirsiz gəlin öldürün. Bizi öldürməklə işiniz düzələcəksə gəlin.

I nəzarətçi. (o biri nəzarətçilərə) Bunlar qudurdular deyəsən, göstəriş-filan eşitmirlər. Nərdivanı tutmağa kömək edin, çıxıb bunları bir-bir düşürək.

Nəzarətçilər köməkləşib nərdivanla dama çıxmağa çalışarkən Ayaz səhnəyə qayıdır.

Ayaz. Dayanın, incitməyin özünüzü, onlar məni gözləyirdilər. Nərdivanı saxlayın, indi özləri düşərlər.

İqrar. (sevinclə) Gəldin? Necə oldu, danış görək...

Ayaz. Daha orada dayanmağın mənası qalmadı. Gəlin aşağı danışacağam.

Vüsal. (təəssüflə) Qalib qayıdana oxşamır.

Andrey. Heç məğlub da deyil...

Sanitarlar bir-bir aşağı düşüb Ayazın ətrafına toplaşırlar. Ətrafdakı məhkumlar da onu dinləmək üçün yaxınlaşırlar. Nəzarətçilər nəzərə çarpmadan həyəti tərk edirlər.

İqrar. Ürəyimizi üzmə, danış görək, nə oldu? Razılaşdılarmı?

Ayaz. Çox şeylər oldu. Eşitsəz havalanacaqsız.

Vüsal. Sən danış, bizə görə qorxma.

Ayaz. Mən rəisi görmədim. Söhbətim yalnız idarədən gələnlə oldu.

Andrey. Niyə? Bəs rəis niyə söhbətə qarışmayıb?

Ayaz. Mən ora gedənədək rəisi baş idarəyə çağırıblar.

Vüsal. Sonra?

Ayaz. Sonra necə olubsa rəisi tibbi yoxlamaya göndəriblər. Sizə demişdim axı, neçə vaxtdı yuxarılarda onun "kitabını bağlamışdılar”.

İqrar. Aha...ardı gəlsin. Yəqin ki, yoxlamadan zay çıxıb...

Ayaz. Qanında narkotika aşkar olunub...

Vüsal. Düz tapılıb. Zonda satdırdığı nəşədən kefi istəyəndə özü də istifadə edirdi.

Ayaz. Və... işdən azad edilib.

Sanitarlar və onlara qoşulan digər məhkumlar heyrət və sevinc içərisində qışqırışırlar: ”Ur-ra! , "Qalib gəldik!”,”Zonu ən böyük "zibildən” təmizlədik!”

Ayaz. Dayanın, sevinməyə tələsməyin. Əksərən təzə gələn köhnənin atasına rəhmət oxudur.

İqrar. Əminsən ki, təzə rəis də belə olacaq?

Ayaz. Hələlik rəisin yerinə kabinetində məhkumu dubinka ilə döyən qonşu zondakı müavin təyin edilib. Güman ki, əzazillikdə, o, köhnədən heç də geri qalmayacaq. Artıq sanitarlar barədə planlarını da elan edib.

Andrey. Yoxsa bizi qırmancla döyəcək?

Ayaz. Xeyr, Əvvəlcə bizim barakı ləğv edəcək , Hamımızı o biri barakların qapıları qarşısında iki-iki yerləşdirəcək. Sonra da o qaydada bizi başqa zonlardakı sanitarlarla əvəzləyib özünə dama çıxmağı ağlına gətirməyən sanitarlar toplayacaq.

İqrar. Yaxşı bəs bizim maaş tələbimiz nə yerdə qaldı?

Ayaz. Bu axşamdan keçmiş qaydada "qrev”imiz təmin olunacaq. İdarədən gələn inspektor buna görə cavabdeh adam təyin etdi və tapşırdı ki, bu barədə bir daha şikayət olmasın. Maaş məsələsi isə qaldı təzə rəisin öhdəsinə. Təzə rəis nə qərar verəcək, hələ ki, aydn olmadı.

Vüsal. Təzə gələn Allah bilir köhnədən də acgöz olacaq. Onda heyf bizim əziyyətimizə, əziyyətimiz hədər imiş... Fərqi nə oldu, Əli getdi, yerinə Vəli gəldi. Nə dəyişdi ki?..

Ayaz. Düz demirsən, əziyyətimiz hədər getmədi. Maaşımızı almasaq da, köhnə təminatımızı qaytardıq. Hər yerə yayıldı, hamı bildi ki, sanitarlar haqqını tələb ediblər. İndi bizə baxıb nə qədər məhkum öz haqqını qorumaq üçün düşünəcək, verilməyən haqqını, hüququnu istəyəcək... Doğrudur, nəzərdə tutduğumuza çatmadıq. Amma ədaləti, haqqı əldə etmək təkcə adi etirazla, birdən-birə alınan iş deyil. Hamının – məhkumların da, cəzalara nəzarət edənlərin də mövcud düşüncəsi, şüur tərzi dəyişməlidir. Məhz belə etirazlarla illərlə şüurlara təsir edə-edə irəliləyişlər, dəyişikliklər yarana bilər. Nəhayət, günlərin birində inanıram ki, hər kəsin özünə və ətrafındakılara hörmətlə yanaşması, hüquq və vəzifələrinə əməl etməsi ilə cəmiyyətimiz də hörmətlənəcək, qayda-qanunlara alışacaq və tam olmasa belə, müəyyən qədər düzgünlük yaranacaq. İndi isə dostlar, yeni rəisin göstərişi ilə baraka gedib oradan bölünmək, ayrılmaq vaxtıdır. Sizi ayrı-ayrı baraklara göndərəcəklər, məni isə digər zonaya yatab edəcəklər. Yatab tədbiri məndən başlayacaq. Ədalət eşqimi özümlə göndəriləcəyim yerə daşıyacağam (Hamı vidalaşırmış kimi pərt, dalğın baxışlarla bir-birinə baxaraq çıxışa doğru yönəlirlər) Sağ olun. Allah qapınızı açsın. Azadlıqda görüşənədək!..

Musiqi və pərdə enir.

Son.

10.2017