Taleh Şahsuvarlı: “Nə Qan Tural yönlü tənqidçidir, nə Seymur Baycan fərli yazıçı”

Taleh Şahsuvarlı: “Nə Qan Tural yönlü tənqidçidir, nə Seymur Baycan fərli yazıçı”

Yazıçı Taleh Şahsuvarlının Müstəqil İnformasiya Agentliyinə müsahibəsi

- Taleh bəy, özünüzü ədəbi mühitdə necə hiss edirsiniz?
- Mən müxtəlif mühitlərdə olmuş adamam. İctimai-siyasi həyatın, hərbinin, kəndin, şəhərin çox üzünə bələdəm. Amma ömrümdə Azərbaycanın ədəbi mühitindən səfeh, savadsız və idbar yer görməmişəm. Ədəbiyyatla məşğul olan adamların bu qədər kiçik, bu qədər cılız olmasını heç zaman təsəvvür etməzdim. Amma səbəblərini də başa düşürəm. Ədəbi mühit- Azərbaycanda həyatın dibidir. Mən bu səviyyənin adamı deyiləm və heç zaman da olmayacam. Siz heç vaxt məni "Şirzadın kafesi”ndə görməyəcəksiniz. Azərbaycanda ədəbiyyatın yaranması ilə bağlı həmişə yanlış təsəvvürlər olub. Bəziləri yaxşı şeirin şərab içəndə yazıldiğını fikirləşib, bir qism adamlar düşünüb ki, yaratmaq üçün yaxşı şərait lazımdır, son vaxtlar "underground” kəlməsi dəbə minmişdi və müəyyən gənclər elə bilirdilər ki, Şirzadın kafesində artıq-urtuq yeməklə özlərini ədəbiyyatda təsdiq edə biləcəklər. Amma axırları rəhmətlik Haqverdiyevin dediyi kimi oldu, "darvazalarını fələk vurdu”. Çünki istənilən fəaliyyət sahəsi adamdan istedad, zəhmət və onlardan əmələ gələn peşəkarlıq tələb edir. Faciə odur ki, Azərbaycan ədəbiyyatında "peşəkarlıq” ən axırıncı meyardır. Bu da cəmiyyətin ümümi sosial problemidir. Amma ədəbiyyat daha çox fərdi məsələ olduğu üçün burada peşəkarlıq başqa sahələrdən daha tez qalıb gələcək. Vicdanlı adamlar qalan sözü həmişə dəstəkləyiblər və dəstəkləyəcəklər. Azərbaycanın müstəqillik qazanmasında rol oynamış adamlar var ki, onlar vicdanlı və gələcəyi düşünən adamlar olduğundan istedada, zəhmətə, yeniliyə və peşəkarlığa qiymət verir, adama qanad verirlər. Ramiz Rövşən demiş, qanad qıranların qanadlandıran adamlardan çox olduğu bu zəmanədə vicdanlı münasibət böyük stimul yaradır.

- Sizin ədəbiyyata gəlişinizdən sevinənlər kim oldu, kədərlənənlər kim?
- Mənim ədəbiyyata gəlişimdən həm ən çox sevinən, həm də ən çox kədərlənən, əslində, eyni adamdır- mənim həyat yoldaşım. O, çox yaxşı bilirdi ki, bədii əsər yazmaq Talehin dünyanı dəyişməyə növbəti cəhdidir və bunca pis şəraitdə mənim dünyanı dəyişmək ümidimin ölmədiyinə sevinirdi. Amma ona kədərlənirdi ki, "Canlanma” çapdan çıxanda dünya yenə dəyişməyəcək və həmin cəhd millətimizin taleyinin önünə yumalanmış daşı Sizif kimi daha bir dəfə dağın başına çıxarmaqdan başqa bir şey deyil.

- Bəs cəmiyyətdə?
- Mən ilk təbriki və öyüncü "Alma” qəzetinin baş redaktoru İsrail Musayevdən aldım. İsrail müəllimə mən həmişə hörmətlə yanaşmışam və onun yaxşı zövq sahibi olduğunu bilmişəm, bununla belə, onun kitabın elə tezliklə oxuyacağını və yüksək qiymətləndirəcəyini gözləmirdim. Daha sonra Mehman Cavadoğlu, Rəşad Məcid, Rasət Pirisoyu, Vurğun Əyyub, Elçin Hüseynbəyli və digər şəxslər öz müsbət rəylərini dedilər, tənqidə açıq məqamları göstərdilər və faydalı məsləhətlər verdilər. Amma məni ən çox təəccübləndirən Arif Hacılının münasibəti oldu. Arif bəyin ədəbi mətni təhlil etmək qabiliyyəti son dərəcə yüksəkdir. Düzdür, ədəbiyyata konservativ yanaşır, amma ədəbi estetikadakı dəyişikliklərin hamısından xəbərdardır və ən mühümü mətnin içinə girir, təəssüratla fikir bildirmir. Əgər "Canlanma”nın ilk oxucusu İsrail Musayev onu "son on ilin ən güclü əsəri” adlandırmışdısa, mənə məlum olan son oxucusu şair Yafəs Türksəs "son yüz ilin ən yaxşı əsəri” hesab edir. Mənim üçün çox, amma çox dəyərli rəylərdən birini də bizim böyük şairimiz Vaqif Bayatlı bildirdi. Vaqif Bayatlı gözəl şair olmaqdan əlavə, həm də Əbülfəz Elçibəyin, sözün həqiqi mənasında dava arkadaşıdır, yanılmıramsa, onun müdafiə komitəsinə də başçılıq edib. Ondan xoş sözlər eşitdikcə, mənə elə gəlirdi ki, Əbülfəz bəy Vaqif bəyin diliylə "Canlanma”ya qiymət verdi.

- Sadaladığınız adların hamısı orta yaş nəslini nümayəndələridir. Bəs gənclərin "Canlanma”ya münasibəti necədir?
- Şair Kənan Hacının "Canlanma” ilə bağlı məqaləsini yəqin oxumusunuz. Azərbaycan gəncliyinin əsas simalarından biri olan Ramin Hacılı da mətbuatda öz müsbət fikirlərini bildirib. İstedadlı publisist Anar Niftəliyev da uğurlu əsərə görə məni təbrik etdi. Bundan başqa, kitabı internetdən oxuyan onlarla gəncdən mail almışam. Güntay Gəncalpın yazdığına görə, "Canlanma” hazırda Güney Azərbaycanda ən çox oxunan əsərlərdəndir.

- "Canlanma”nı tənqid edən heç yoxdurmu?
- Mən əvvəldən bilirdim ki "Canlanma”nı tənqid edə bilən olmayacaq. Çünki peşəkar tənqid janrın və estetikanın tələblərinə əsasən aparılır, "Canlanma”da isə tarixi metaroman janrının bütün tələblərinə riayət olunub. Xırda-para qüsurlardan danışmaq mümkündür, amma o xətaları tuta bilən adam əsərin sambalını da gördüyündən onların üzərində xüsusi dayanmır. Bununla belə, tənqid etməyə cəhd göstətən adamlar oldu və öz savadsızlıqlarını nümayiş etdirdilər. Məsələn, əsərin dilinə irad tutan gənc şairə Jalə iddia edirdi ki, "sivil” sözü Azərbaycan türkcəsində "mülki” mənasında işlənmir. Amma dostlardan biri Azərbaycan dilinin izahlı lüğətinə istinad edərək onun düz danışmadığını sübut etdi.

- Amma etiraf edin ki, "Canlanma”da Türkiyə türkcəsinə meyl var...
- Əlbəttə, var. Sağ olsun, o gün Aydın Xanın keçirdiyi kitab bayramında Vaqif Bayatlı bu məsələni çox yaxşı qoydu. Biz öz dilimizin, yəni türkcənin yaşamasını istəyiriksə, ortaq türk dilinin formalaşmasında nail olmalıyıq. Çox təəssüf edirəm ki, ortaq türkcənin formalaşmasına təsir edən kanallardan birini Nuşirəvan müəllim ləğv etdi. Mən Nuşirəvan müəllimi universitetdən qiyabi tanıyıram və onun prinsipial adam olduğundan xəbərdaram. Hələ də anlaya bilmirəm ki, o, bu işə necə qol qoydu. Sözümün canı odur ki, Türkiyə türkçəsinə meyl dilimizin strukturunu qorumaq baxımından da əlverişlidir. Bir də Hüseyn Cavid İstanbul ləhcəsindən geniş istifadə edib. Bu fakt onun əsərlərinin dil baxımından şübhə altına almağa imkan vermir.

- Sizə AYO-çular qıcıqla yanaşdığı hiss olunur, eyni zamanda "Canlanma” barədə susurlar. Niyə?
- Danışmağa, yazmağa səviyyələri çatır ki? Yüz dəfə Qan Turala demişəm ki, burax onun-bunun bostanına qərəzlə daş atmağı, ciddi işlə məşğul, tənqidçi olmaq istəyirsənsə, qoy "Canlanma”nı qabağına, peşəkar kriteriyalara söykənərək təhlil elə, tənqid elə. Yalan gerçək deyir, kitab özümdə deyil, hələ oxumamışam. Sən necə tənqidçisən ki, piyasaya çıxan ən idiialı əsəri vaxtında oxumursan? Sən necə tənqidçisən ki, Azərbaycanda, Ermənistanda və Qafqazda ilk dəfə yaranan bədii janrı-tarixi metaroman janrını oxumursan? Qan Tural çox gözəl bilir ki, Taleh onun qələmindən çıxan nə əsassız tərifi, nə də primitiv tənqidi qəbul etməyəcək. Ona görə qorxur! Onlar "Canlanma”dan cin iynədən qorxan kimi qorxurlar. Əllərindən gələni etdilər, amma heç nəyə nail ola bilmədilər. Axı nə edə bilərlər? Onların əlindən öz ocaqlarını kor qoymaq gəlir. Ölkədə ilk alternativ ədəbi qurumlardan biri AYO-dur. O ocağın başına kül ki, - bu cümləni bədii baxımdan qiymətləndirmək lazım- onun ən yaxşı yazarı Seymurdur, tənqidçisi də Qan Tural.

- Sizcə AYO fəaliyyətini dayandırmalıdırmı?
- Qətiyyən! Mən AYO-nun yaşamasında və inkişafında maraqlıyam. Çox təəssüf edirəm ki, Ədliyyə Nazirliyi bu qurumu qeydə almır və həm ictimai təşkilatlar, həm də yaradıcı qurumlar arasında ayriseçkiliyə yol verir. Məsələnin hüquqi-siyasi tərəfini qoyaq bir qırağa, mən Azərbaycanda Azad Yazarlar Ocağı deyilən alternativ bir qurum görmürəm. AYB, baxmayaraq ki, 1500 üzvündən 1400-ü ədəbiyyatqırağı ünsürdür, AYO-dan qat-qat mütərəqqi təşkilatdır. AYO tam marginal qurumdur və bir layihə kimi tamamilə iflasa uğrayıb. Bunu Azərbaycanda hamıdan yaxşı başa düşən adam Rasim Qaracadır. Rasim Qaraca yaxşı təşkilatçılıq qabilliyyətinə malikdir, amma heyf ki, Azərbaycanda elə bir sistem mövcuddur ki, qabiliyyətli adamlar qabiliyyətsiz adamlardan, yaxşı ideyalar pis ideyalardan daha böyük uğursuzluğa məhkum olur. Rasim Qaracanın yaşının indi elə vaxtıdır ki, gərək ortaya samballı ədəbiyyat nümunələri qoya. Bunun əvəzində arqo deyimləri toplayıb çap edir. Mən onsuz da həmişə həqiqətin pisi olmuşam, qoy birini də deyim, lap pis olum: Rasim Qaraca, Siz gərək elə şeir kitabları ortaya qoyaydınız ki, onu oxuyan Rəsul Rzadan, yaxud elə nəsr nümunəsi çap edəydiniz ki, mütaliə edən Anardan danışmağa utanaydı. Amma bütün gücünüzü qoydunuz Rəsul Rzanı, Anarı, Elçini qaralamağa, ortaya çıxartdığınız da Seymurun "Körpüsalanlar”ı, Qan Turalın "Çiyələy”i oldu. Mən Rasim Qaracanın menecerlik qabiliyyətinin daha fərqli və daha faydalı işlərə sərf olunmasını istəyərdim. Özü də AYO başqanı statusunda!

- Sizcə, Rasim Qaraca AYO başqanlığından niyə getdi?
- Rasim Qaracanın sədrlikdən getməsini mən "məsuliyyətdən qaçış”, AYO-nu isə cəmiyyətin və ədəbiyyatın maraqları baxımından "itirilmiş qurum” hesab edirəm. Rasim bəy ağıllı adamdır, gördü ki, Seymurla Qan Turalın başqanı olmaq biabırçılıqdır, üzüsulu postunu tərk elədi. Bəli, AYO-nun itirilməsinin ən mühim səbəblərindən biri də, bu günlərdə Orxan Fikrətoğlunun çox sərrast seçdiyi ifadə ilə desək, seymurlaşması oldu. Orxan haqlıdır, onun demədiyini də mən deyirəm, Azərbaycanda gedən ən iyrənc proses seymurlaşmadır. Seymurlaşma-vaxtı ilə manqurtlaşma siyasəti aparan rus siyasi texnoloqlarının Azərbaycanın sosial orqanizmini yoluxdurmaq istədiyi təhlükəli virusdur. Seymurlaşmanın funksiyası Qərbin peşəkar kriteriyalarının həm jurnalistika, həm də ədəbiyyat müstəvisində Azərbaycanda ifadə olunan azad sözlə bütünləşməsinin qarşısını almaq, istedadlı və peşəkar adamların sosial statusuna zərbə vurmaqdır. Məsələn, bu günlərdə Pərvizin yeni romanın işıq üzü görəcəyi xəbəri yayıldı və Seymur onun adını dərhal "Ay Zaur”la bir çəkdi. Xeyir ola, roman çapdan çıxmamış, oxunmamış, yaxşı və ya pis olması bilinməmiş Pərvizin timsalında zəhmətkeş və istedadlı bir adamı aşağılamağa cəhd edirsən? Pərviz tələbə hərəkatında iştirak edəndə, qəzet buraxanda, "Azad söz” adlı QHT-də Qənimətlə birgə Azərbaycan jurnalistlərinin hüquqlarını qoruyanda Seymur haralarda idi? Mən Pərvizin gözəl, yüksək səviyyəli bir nəsr əsəri yazacağına inanıram, bu öz yerində. Üstəlik, ikisinin də yaradıcı potensialına bələd olduğumdan əminəm ki, Pərviz nə qədər pis yazsa, Seymurdan milyon dəfə yaxşı mətn ortaya çıxardar. Seymur nə yazıb axı? Allah xatirinə, bir adam, lap elə Seymurun "psixoloji kurasiyası”nda olan Qan Tural qoysun post-modern mətnin kriteriyalarını qabağına və "Körpüsalanlar”ı təhlil etsin. Niyə etmirlər? Çünki nə Qan Tural yönlü tənqidçidir, nə Seymur Baycan fərli yazıçı. İkisi də qeyri-peşəkardırlar! Həm jurnalistikada, həm də ədəbiyyatda. Onlar topası mənimlə nə ədəbiyyatdan, nə jurnalistikadan, nə siyasətdən, nə demokratiyadan, nə də demokratiya uğrunda mübarizədən danışa bilməz. Orxanın bir telemonoloqda etdiyi jurnalist fəndlərini Seymurla Tural ömrü boyu yazsalar da, danışsalar da edə bilməzlər. Qan Tural orda-burda bir-iki etikadan uzaq yazı yazıb, özünü Ramiz Mehdiyevlə eyni ranqda hiss edir.

- Qan..
- Tural normal, yaradıcı mühitdə jurnalistikanın da, ədəbi tənqidin də uduşlarından biri ola bilərdi. Buna onun canatımı imkan verir. Zeynal Məmmədli, Mehman Cavadoğlu, Elçın Şıxlı, Arif Əliyev, Sahib Alıyev, Qulu Məhərrəmli, Rəşad Məcid, Emin Eminbəyli, Şahvələd Çobanoğlu kimi yetişdirməyi bacaran redaktorlarla işləsə, loru dildə desək, adam olardı. Şəxsən mən baş redaktor olmuş şəxs kimi deyirəm, Qan Turalın jurnalist peşəkarlığına, kodekslərinə başdan-ayağa zidd olan yazılarını çap eləmərəm. Amma görün nə aləmdirsə, Qan Tural köşə yazarları haqqında köşə yazır. Qan Turalın həyat və təcrübəsi Xaliq Bahadırın, Şahvələd Çobanoğlunun qələmini tərifləməyə kifayət etmir, Hikmət Sabiroğlunun "Azadlıq”a tökdüyü tər Turalın seymurlaşma virusuna yoluxmuş qanından daha qiymətlidir. Təsəvvür edin ki, Rəşad Məcid Qan Turala deyir ki, "sənin hər yazında 5-6 səhv tuturam”, elə həmin müsahibədə Qan Tural "krupnu” bir cümlə xatasına yol verir, mübtəda, xəbər, tamamlıq, qatışır bir-birinə. Madam yazır, qoy bir köşə də Seymur Baycana həsr eləsin və mənim verdiyim sualları da öz köşəsində cavablandırsın: 1) Seymur Baycan Naxçıvanski adına litseydə təhsilini niyə tamamlaya bilməyib? 2) Həmin litseydə Seymurun ləqəbi nə olub? 3) Seymurun ali təhsili varmı, ixtisası nədir? 4) Müsavat və Böyük Quruluş Partiyalarında Seymur hansı uğurlar qazanıb? 5) Baycan QHT sektorundan niyə dışlanıb? 6) Baycanın mənim "Qloballaşma” adlı yazımı oğurlamağına Qan Tural necə baxır və həmkarının məqaləsini oğurlayan adamı "jurnalistikanın bel sütunu” adlandırmağın adı nədir? 7) Memuar yarıədəbi janrdırsa, memuar yazan Seymur Baycan da yarıyazıçı deyilmi? Nəhayət, Seymur Baycanın "Körpüsalanlar” romanından Qan Tural mənə tərkibində metanomiya olan, lap elə metanomiya olmayan bircə normal cümlə yaza bilərmi? Eyni zamanda, Qan Tural zəhmət çəkib desin ki, Seymur jurnalistikanın hansı janrındadır və o janrın konkret tələblərinə hansı səviyyədə cavab verir? Məlumat üçün deyirəm ki, müasir qərb jurnalistikasında "publisistika” anlayışı yerli-dibli yoxdur. Sizi əmin edirəm ki, Qan Tural bu suallara cavab verməyəcək. Çünki özü də "Bizim yol”dan yazı oğurlayıb, "Ədalət”də öz adıyla çap elətdirib. Yazı-intellektual mülkiyyətidir, bir kəsin yazısını oğurlamaqla evini yarmaq arasında heç bir fərq yoxdur. Əgər sən oğurluq edə, başqasının zəhmətini mənimsəyə bilirsənsə, deməli, ictimai baxımdan təhlükəli adamsan, sənin bu ölkənin anasını ağladan korrupsionerlərdən heç bir fərqin yoxdur, əksinə, əlinə imkan düşsə, onlardan daha amansız və qəddar rəftar edərsən xalqla.

- Seymur Baycana və Qan Turala qarşı niyə bu qədər kəskin danışırsınız?
- Çünki onlar azad sözün qabağını kəsirlər. Yenə deyirəm, seymurlaşma Azərbaycanda söz azadlığına qarşı rejimdən daha çox təhlükə törədir. Çünki seymurlaşma adamları azadlıqdan, sözdən iyrəndirir. Mən dindar olmasam da, bu fikirdəyəm ki, bir anlayış olaraq "Allah” "Azərbaycan”dan daha böyükdür. 100 dollara Allahı satan bu adamlar Azərbaycanı, Azərbaycanın dəyərli insanlarını bir bakal pivəyə satırlar. Mən bu günlərə qədər elə bilirdim ki, Seymur Əli Əkbərdən mütərəqqi adamdır, amma Əli Əkbərin "Alatoran” jurnalında Rafiq Tağının əleyhinə "din uğrunda” yazdığı bir məqaləni oxuyandan sonra əksini fikirləşirəm. Əli Əkbər heç olmasa, "Allah” anlayışnı 100 dollara satmayıb, onun inancında təbii surətdə dəyişiklik olub. Oğurluq, satqınlıq, söyüş, nifrət, insanların ölümünü görmək, məhkəmədə süründürmək arzuları-bu göstəricilər Sizə seymurlaşma prosesinin Azərbaycan ictimai şüuru üçün nə qədər təhlükəli olduğunu anlatmırmı?

- Sizcə, AYO-da istedadlı adamlar var?
- Əlbəttə, var. Aqşin, Nərmin Kamal, Günel Mövlud... Bu günlərdə Günelin bir müsahibəsini oxudum və çox xoşuma gəldi. Yaxın zamanlarda Güneldən sıçrayış gözləyirəm. Nərmin Kamal Azərbaycan ədəbiyyatını Avropaya daşıyacaq isimlərdən biridir. Aqşın isə öz istedadı və yaxşı oğlan olmasıyla həmişə Seymura bəraət qazandırıb. Amma indi nehrə çalxalandıqca, seymurlaşmanın mahiyyəti ortaya çıxdıqca, Aqşin öz əsl dəyərini alır. Aqşın əsl şairdir və mahiyyətcə böyük bir davanın adamıdır, sadəcə, Aqşinin müharibəsi hələ başlamayıb. Siyasi rejimlər, seymurlaşma kimi yoluxucu xəstəliklər, adamlar və qurumlar arasındakı intriqalar mənim dediyim o böyük dava üçün kiçik və yaddaqalmayan hadisələrdir. O davanın sahibi poeziyada Aqşin ola bilər, prozada isə mənəm.

- Nədir o dava?
- Mənim üçün Babəkin, Aqşin üçün Nəsiminin davasıdır. Həm Babəkdən, həm də Nəsimidən Əli Kərimə gələn bir təhtəlşüur axını var. Əli Kərim öz missiyasını tamamlasaydı, bu gün nə şair Aqşin, nə də yazıçı Taleh olmazdı. Məncə Babəkin bir qutsal kitabı var və o "yazı”, (bəlkə də bizim alın yazımızdır, nə bilək?) mumiyalanmış misirlilər kimi "lənətlənib”, onu açmağa cəhd göstərən adamı faciə gözləyir. Mənə elə gəlir ki, Əli Kərim öz cəhdinin qurbanı oldu. Nəsimin ruhu isə onun şeirlərindədir və bildiyim qədər Aqşin Nəsimidə öz "kod”larını artıq axtarır, əgər yaxşı axtarsa, dərindən, gecəsini gündüzünə qataraq axtarsa mütləq tapacaq. Aqşin Nəsimini canlandırsa, Nəsimini Nəsimicəsinə canlandırsa, Nəsimi də Aqşıni canlandıracaq. Əgər biz metafizik bir sözdən, metafizik bir mətndən, metafizik bir missiyadan söhbət ediriksə, o canlanmaya qarşı olan metafizik əngəllərdən də danışmalıyıq. Fikir verirsinizsə, hər ilahi mətndə bir şeytan var. Şeytan, əslində, Tanrıya yox, mətnə aid məxluqdur. Şeytanın missiyası mətnin yaranmasına və oxunmasına əngəl olmaqdır. Mənim dediyim o MƏTNlərə metafizik əngəlin kodlarını özündə daşıyan Seymur Baycandır. Neçə ildir Aqşini Seymur bir tərəfə dartır, Nəsimi bir tərəfə. Seymur mənə əngəl olmadı və ola da bilməz ona görə ki, şeytana papış tikməyi mən Elçibəydən öyrənmişəm və bu ölkədə "Elçibəy” qışqırmış adamların hamısında həm inanılmaz bir yaradıcılıq potensialı, həm də şeytana qalib gəlmək gücü var. Mənə, obrazlı desəm, Elçibəy stansiyasından ötürülən dalğaları Seymur Baycan "tuta” bilməz, onun "qəbuledici” kimi texniki göstəriciləri çox aşağıdır. Elçibəyin mistikasına istinad etməyən sözün və adamın axırı yoxdur Azərbaycanda. Şükür, bizim axırımız var və biz mütləq qalib gələcəyik! Söz qalib gələcək, düz qalib gələcək!

Orxan Hacıyev, Mia.az