Tofiq Bakıxanovun müəllif-konserti olub

Tofiq Bakıxanovun müəllif-konserti olub

Noyabrın 13-də Azərbaycan Bəstəkarlar İttifaqınIN Üzeyir Hacıbəyli adına Konsert Salonunda görkəmli bəstəkar, Xalq artisti, Ü.Hacıbəyli Mükafatı laureatı, professor Tofiq Bakıxanovun mərhum bəstəkar, Xalq artisti, professor Vasif Adıgözəlovun və tanınmış müğənni, Əməkdar incəsənət xadimi Rauf Adıgözəlovun xatirəsinə həsr etdiyi müəllif-konserti olub.

Tədbirdə Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə və Xalq artisti Tofiq Bakıxanov çıxış edərək tanınmış muğam ustası Zülfü Adıgözəlovun ailəsində anadan olan hər iki sənətkarın ömür yoluna nəzər salıb, musiqi tariximizə verdiyi töhfələrdən danışıblar.

Bildirilib ki, bu gün Azərbaycan bəstəkarlıq məktəbinin yüksək nailiyyətlərindən danışarkən, ilk növbədə, sevimli bəstəkarımız Vasif Adıgözəlov yada düşür. Onun zəngin yaradıcılığı və yaratdığı yeni əsərlər buna parlaq misaldır. Vasif Adıgözəlovun gözəl, ürəyəyatan əsərlərini peşəkar musiqiçilər də, geniş kütlələr də sevir. Bu musiqiyə səciyyəvi olan dərin mənəviyyat, xəlqilik, incə və zərif melodiya insanı nəcibləşdirir, onun estetik hisslərinin inkişafına səmərəli təsir edir.

Dahi Qara Qarayev məktəbinin zəngin ənənələrini və novatorluq prinsiplərini ən yüksək səviyyədə inkişaf etdirərək, V.Adıgözəlov öz yolunu müəyyənləşdirmiş, musiqidə öz dəstxətini tapmışdır. Onun tələbəlik illərində yazdığı əsərləri bu gün də öz dəyərini itirməyib, ifaçılarımızın konsert repertuarında, televiziya və radioda səslənir.

Diqqətə çatdırılıb ki, V.Adıgözəlov Azərbaycan musiqisini XX əsrin ən önəmli nailiyyətləri ilə maraqlı sintez yoluna istiqamətləndirməyə müvəffəq olub.

Natiqlər qeyd ediblər ki, V.Adıgözəlov kimi Rauf Adıgözəlov da uşaqlıqdan musiqiyə həvəs göstərib. Bu həvəslə o, 1961-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. Həmin ildə gənc ifaçıların I Zaqafqaziya müsabiqəsində iştirak edib. Təhsilini daha da mükəmməlləşdirmək üçün Moskva Dövlət Konservatoriyasını da bitirib. Uzun illər Azərbaycan Dövlət Simfonik Orkestrində konsertmeyster vəzifəsində, 1966-cı ildən isə Azərbaycan Dövlət Kamera Orkestrində çalışıb. 

Məlahətli səsə malik olan Rauf Adıgözəlov, mahnı janrının inkişafında da öz xidmətlərini əsirgəməyib. O, həm orkestrdə çalışıb, kamera ansamblında işləyib, digər tərəfdən bəstəkar mahnıları və romansları da skripka ilə ifa edib. R.Adıgözəlov klassik və müasir bəstəkarların əsərlərini özünəməxsus zərifliklə səsləndirib. Rauf Adıgözəlov Azərbaycan Dövlət Konservatoriyasında gənc kadrların yetişməsində də böyük kömək göstərib. O, burada dosentlikdən professora qədər yüksəlib.

Qeyd edilib ki, daha çox vokal və skripka ifaçısı kimi məşhur olan Rauf Adıgözəlov müxtəlif ölkələrdə konsert proqramı ilə çıxış edib. 

Tədbirdə BMA-nın professorları Məleykə Əhədzadə (violin) və Beynəlxalq müsabiqələr laureatı Fəridə Əhmədbəyova (piano) Vasif və Rauf Adıgözəlov qardaşlarına ithaf olunmuş Violin və piano üçün "Xatirə - Sonata”  № 11 və  "Xatirə - Sonata”  № 12, həmçinin Beynəlxalq müsabiqələr laureatı, BMA-nın professoru  Maya Sadıx-zadə isə "Piano üçün 3 Prelüd” əsərlərini ifa ediblər.