XXI əsrin son Amazonu

XXI əsrin son Amazonu

VƏ YA AMAZON ATƏŞİ QOBUSTANDA

Nuridə Atəşi ilə görüş saatım çox erkən, yolum xeyli uzaq idi. Səhər saat 6-da Ayna Sultanovanın heykəlinin yanında olmalıydım. Novxanıdan şəhərə vaxtında çatmaq üçün taksi tapmaq ümidilə bomboş yola boylanırdım. Yanımdan sürətlə keçən maşınlar boş olsalar da, nədənsə ehtiyat edib, əl qaldırmağıma əhəmiyyət vermirdilər. Ürəkli sürücü tapıldı, qiyməti razılaşıb maşına oturdum. Vədə yerinə 15 dəqiqə tez çatmışdım. 6 tamamda da xanım Atəşidən xəbər-ətər olmadığını görüb, ürəyimdə ondan alman dəqiqliyi umub, deyəsən, bir az incidim də.

SOVETDƏN QALMA AĞ "NİVA"YLA QƏDİM QAYALIQLARA DOĞRU

Düz on iki dəqiqədən sonra kiminsə mənə əl etdiyini görəndə yolun kənarındakı ağ "Niva" ilə yola çıxacağımızı anladım.
Nuridə xanım sürücü və fotoqraf vəzifələrini boynuna götürmüş keçmiş tələbə yoldaşı Mirnaib Həsənoğlunu təqdim edib: "Sovet dövründən bir özü qalıb, bir də "Niva"sı" - deyəndə, məzəli tanıtımdan xoşlanan Mirnaibə qoşulub, biz də güldük. Qobustan qaya rəsmlərinin təsviri olan bukleti nəzərdən keçirəndə maraqlanıb mən də baxdım. SSRİ-nin son ilindən yadigar qalan nəşrdə Qobustan qayalarının ən məşhurları - "Qavaldaş", "Öküz", "Yeddi gözəl" və başqa qayaüstü rəsmlərin təsviri verilmişdi, Qobustan mədəniyyəti haqqında Azərbaycan, rus və ingilis dillərində məlumat da vardı. Səfər öncəsi nəzərdən keçirdiyi kitabı vərəqləyəndə təəssüflə başını yellətməsi nəzərimdən qaçmadı. Elə soruşmaq istəyirdim ki, özü danışdı. Əjdər Fərzəlinin "Gəmiqaya-Qobustan mədəniyyəti" kitabındakı "Tarçalan və onların musiqi rəhbəri" adlı şəkildə təsvir olunan qadınların çiynindən ox-yay asılıb. "Amazon qadınlar tar çalmayıb, ox atıb, at miniblər" - deyə etirazını bildirəndə müəllifin ünvanına tənqidini də əsirgəmədi: "Eradan 10-15 min il əvvəl tarmı çalıblar? Hələ üstəlik ox-yay işarəsini ayrıca tar şəklinə salıb vermək hansı elmə, hansı tarixə sığır, görəsən? Amazon qadınlar mərd, döyüşkən olublar, tarçalan yox!"

İlk baxışdan oxla gəzməsinə inanmadığım amazon qadınların "Yeddi gözəl" mağarasındakı rəsmlərini görərkən fikrimdən daşınacaqdım...

KİMDİR AMAZONLAR?!

Nuridə Atəşinin amazonlarla bağlı "525-ci qəzet"in 9 may 2009-cu il sayında çap etdirdiyi "Qayaların soyqırımı" adlı yazısını oxusam da, məlumatları onun öz dilindən eşitmək istədim. Yolboyu amazonlar haqqında xeyli danışdı. Qobustan səfərimizdən döndükdən sonra "525"in saytında "Nuridə Atəşi"ni "axtarışa verəndə" "Qobustanın yenidən kəşfi" və "Bu dəfə vətənə son gəlişimdə" adlı məqalələri tapıb oxudum (bax: www.525.az): "Amazonlar savaşçı, qorxmaz, ədalətli, həm də vəhşi Qafqaz qadınları, at belində, ox çiynində köçəri qadın topluları. Ox ata bilmək üçün uşaqlıqda sağ döşləri dağlanır, dağlarda yaşarmışlar, yazda düzənliklərə enib, nəsil artırmaq üçün qarqarlarla görüşürlərmiş. Oğlan uşaqlarını qarqarlara verər, qız uşaqlarını özlərilə götürərək, yenidən dağlara çəkilirlərmiş. Qafqazdan baş alıb, Xəzər, Qara dəniz boyunca, Türkiyəyə, Yunanıstana və bütün dünyaya yayılıblar. Şəhər qurucuları kimi də tarixdə iz buraxıblar ulu ana xaqanı əcdadlarımız..."

Qobustan qayalarının dünyaya tanıdılması üçün turist səfərlərinin təşkilindəki problemlər, laqeydliklər haqqında söz saldı. "Xarici turizm şirkətlərinin marşrutunu Qobustandan salmaq mümkündürmü" - deyə soruşanda "Mən Avropa tədqiqatçılarını və arxeoloqlarını ilk öncə Qobustana gətirməyin tərəfdarıyam" - dedi.

ÇAĞDAŞ AMAZONUN HARAYI: "İLAAAN!!!

Qobustanın əyri-üyrü yollarından birtəhər keçib qayalıqlara çatdıq. Mavi, buludsuz səmadan üzümüzə gülümsəyən Günəşi qayaların üstündən - amazonlar məskənindən salamladıq: "Günaydın, Göylər qızı!" Mən qeydlərimi götürmək üçün qələm-dəftərimi, Mirnaib min illərin yadigarı olan bu qayaları, onların üstündəki rəsmləri lentə köçürmək üçün fotoaparatını götürdü. Yaxınlıqda qoyun otaran çobanların yırtıcı itlərindən özümüzü qorumaq tapşırığı alandan sonra iş başına keçdik. Sal qayaların üstünə çıxarkən Nuridə xanımın çevikliyi gözümdən yayınmadı. "Başına ip salınan" öküzün rəsmini tapmaq üçün axtarış aparanda Nuridə xanımın qəfil qışqırtısını eşitdim: "İlaaan!!!" Mamır basmış daşların üstü ilə üzüaşağı qaçanda onun yıxılmağından qorxsam da, köməklik edə bilmədim. Qara, haça dilini çıxarıb bir addımlığımdan üstümə gələn xallı ilanın həyəcanından bədənimi soyuq tər basmışdı. Nuridə xanım "niyə qaçmırsan?" - çığırsa da, üstünə çıxdığım qayanın qaçmaq üçün əlverişli yeri olmadığından gözləməkdən başqa çarəm qalmadı. Ta ilan qayaların sivişib qayaların altına gedənə qədər... İlanları tanımaq səriştəm olmasa da, onun boz, xallı və xırdabaşlı olduğunu yadımda saxlaya bilmişdim. Mirnaib ilanın gürzə olduğunu deyəndə bu dəfə canımı yenidən qorxu bürüdü...

86-cı daşın üzərində təsvir olunduğu deyilən öküzün axtarışını davam etdirəndə Nuridə xanımın heyrətli səsi yenidən eşidildi: "Ox yay, qadın! Döşü olmayan qadın! Fəridə Məmmədovanın dediyi qadın!" Rəsmə baxanda qadının sağ döşünün olmadığı açıq-aşkar görünürdü.

Mən əsasən 86-cı daşı axtarırdım, Mirnaib köhnə tələbə yoldaşının Almaniyada çap etdirəcəyi "Qobustan qayalarının kataloqu" üçün şəkil axtarışına çıxmışdı. Nuridə xanım da köhnə, cod materialdan olan yamaqlı kisədən özü üçün don biçib "Niva"nın şüşəsində "güzgülənirdi". Ətəyini-yaxasını qayçıladığı və ibtidai insanların geyimini xatırladan "kisə don" üzündən Nuridə xanım ətrafdakıların maraqlı baxışlarından yaxa qurtara bilmədi. Bizdən 200-300 metr aralıda olan əzəmətli dağa çıxmaq istədiyimizi Mirnaibə deyəndə razılaşmadı, dağın başında "çoban qəbristanlığı"ndan başqa maraqlı bir şeyin olmadığını bildirdi.

"GÜNƏŞ, GƏL SƏNİ BAĞRIMA BASIM!.."

Nuridə Atəşinin vətənə səfərinin əsas məqsədi amazonların tarixi haqqında tədqiqat işi aparmaq, indiyə qədər Qobustan abidələri barədə nəşr olunmuş elmi işlərlə yaxından tanışlıq. Berlində ingilis və alman dillərində nəşr etdirmək istədiyi, Qobustan həqiqətlərinə aid kitab və kataloq üçün material toplamaq da bu qəbildən olan işlərin sırasındaydı. Mirnaibin fotoaparatının obyektivi qarşısında, qayalarla çəkilən çeşidli şəkillərin taleyindən narahatlıq və köhnə tələbə yoldaşının təkidləri səbəbindən bəzən bir qaya ilə 15-20 dəfə "üz-üzə dururdu", "qucaqlaşırdı". Fotoqrafiya işində günəş işığı çox vacibdir. "Dəymədüşər" yaz havasının şıltaqlığı üzündən batan Günəşə əl açıb az qala yalvarırdı: "Çıx, ey Günəş, çıııx! Gəl qucaqlaşaq. Gəl, bağrıma basım səni!!!"

...Yolda qarşılaşdığımız atları görəndə Mirnaibə "saxla" deyən çağdaş amazonun at belində şəkil çəkdirmək arzusunu gerçəkləşdirmək mümkün olmadı. Dəli-dolu atın sakit, utancaq sahibi yol-yoldaşının tündməcaz xasiyyətinə yaxşı bələd olduğunu deyib bizdən uzaqlaşmaq istədi. Əlindəki qırmanca gözü düşən xanımın ürəyini sındırmaq istəməyən oğlan əvvəlcə tərəddüd etsə də, sonda "yox" deyə bilmədi. Qırmancı özümüzlə götürüb Qobustan Milli Tarix Qoruğuna yollandıq. Girişdə əməlli-başlı qələbəlik var idi. Bir qədər aşağıda qalanan manqallardan qalxan kabab tüstüsü ac ziyarətçilərin tarixə marağını öldürə də bilərdi. Dənizkənarı bulvarla Tarix Qoruğunun yerini "səhv salan" sevgililər gözdən iraq yerə çəkilməkdə, yəqin ki, bir-birlərinə sentimental etiraflar edirdilər. Nuridə xanım 3 biletin pulunu ödədi. Bilet Azərbaycan vətəndaşları üçün 1, xaricilərə isə 3 manatdır. İçəridəki səliqə-sahman, sakitlik eksponatlarla yaxından tanış olmağa imkan yaradırdı. Nədənsə eksponatlar haqqında məlumat verəsi bələdçilər gözə dəymirdi. "Ana zağa" mağarasının girişindəki qayaüstü rəsmlər haqqında məlumat vermək Nuridə Atəşinin boynuna düşdü. Mağaradakı 72 şəkil və müxtəlif işarələrin ən böyüyü qadın rəsmidir. Mağaranı onun şərəfinə "Ana zağa" adlandırıblar. İ.Cəfərzadə bu qadını "Ana xaqan" adlandırmış və əlavə etmişdi ki, o zaman qəbilənin başçısı Ana idi. Lakin Qobustanda "Ana zağa"nın, "7 gözəl" mağaralarının Amazon mağarası olduğunu ilk dəfə Nuridə Atəşi ortaya atır, bunu isbat etmək üçün antik yazarların qeydləri və yeni arxeoloji tapıntılara əsaslanır. Hər halda, bu çətin işə girişmək üçün özündə kifayət qədər güc və cəsarət tapıb Nuridə xanım - amazonların son varisi.

Rəsmini 86-cı daşda axtardığımız başına ip salınmış öküzü elə "Öküzlər" mağarasında tapdıq. Nuridə Atəşi bu şəkli mütləq bizə göstərmək istəyirdi. Deyirdi ki, hələ antik yazarlar amazonların öküzləri əhilləşdirdiklərini və öküz arabalarından istifadə etdiklərini yazıblar. Azərbaycan tarixində isə kimsə indiyə qədər bu məsələlərə toxunmayıb. Əksinə, bəzi tədqiqatçılar amazonları inkar ediblər.

7-10 min il əvvəl çəkilmiş "Hamilə qadınlar", "Yeddi gözəl" rəsmləri heyrətamiz idi. Amazonların tədqiqatçısı Azərbaycan tarixində amazonların yerinin silinə bilməyəcək izlərini tapdığını və bu izlərin arxasınca gedərək dünyaya Azərbaycan qadınının gücünü, qüdrətini göstərə biləcəyinə tam əmindir. Və günümüzün əsl tarixçilərinin də onu dəstəkləyəcəyinə inanır.

Muzeydə tanış olduğumuz, Qobustana bağlılığı ilə seçilən Bəybala Əbil Nuridə xanımı dərhal tanıyıb, tarixi abidələrə laqeyd münasibətdən ürək ağrısı ilə danışdı. Bəybəla müəllimin dediklərindən bir cümlə yaddaşıma ilişib qaldı. Və yazını da elə Nuridə xanımın da xoşuna gələn həmin cümlə ilə tamamlayıram: "Bu qayaları heç kim vecinə almır, onlar da heç kimi vecinə almadan yaşayırlar".


Cavid ZEYNALLI
[email protected]