Birinci Qafqaz informasiya telekanalı efirə çıxır

Birinci Qafqaz informasiya telekanalı efirə çıxır

Bu il yanvarın 25-də Avropa peyki vasitəsilə Gürcüstan İctimai televiziyasının bazasında yaradılmış Birinci Qafqaz İnformasiya Telekanalı (BQİT) Tiflisdən yayımlanmağa başlayacaq. Gürcüstan mətbuatının verdiyi məlumata görə, məqsəd Qafqaz xalqlarını informasiya meydanına cəlb etmək, onları mühüm hadisələr barədə operativ məlumatla təmin etməkdir.

Kanalın müxbir şəbəkəsi Bakı, İrəvan, Moskva, Kiyev, Mahaçqala, Ankara, Brüssel Vaşinqton, Vladiqafqaz və Tehranda yerləşir. Kanalın rəhbər heyətinə BBC və France-24-də iş təcrübəsinə malik Robert Parsons (baş direktor) və onun müavinləri Devid Çeter (ITN, Sky News, Al-Jazeera), Zurab Kodalaşvili (BBC, CNN, Sky News) və beynəlxalq şərhçi Melani Ensti daxildir.

Kanal Tiflisidən rus dilində altı saatlıq yayım (Moskva vaxtı ilə saat 18.00 - 00.00) həyata keçirəcək və Cənubi və Şimali Qafqaz, Ukrayna, Belarus, Şərqi Avropa, Rusiya, Türkiyə və İran ərazisini əhatə edəcək. QİİT Hot Bird peyki, həmçinin www.pik.tv saytında on-line formatında yayımlanacaq.

Kanalın idarə olunması Robert Parsons və Yekateruna Kotrikadze tərifindən təsis olunmuş özəl “Key 1” (K-1) MMC tərəfindən həyata keçirilir.

Xatırladaq ki, kanal ilk dəfə ötən ilin 15 yanvar tarixində "Eutelsat" peyki ilə yayımlanmağa başlayıb. İki gün sonra isə kanalın peykə yayımı kəsilib. "Eutelsat" bunu texniki səbəblərlə bağlayıb və alternativ variantlar təklif edib. Gürcüstan tərəfi isə şirkəti müqavilə öhdəliklərini pozmaqda ittiham edəərk Paris məhkəməsinə müraciət edib. Ancaq məhkəmə iddianı təmin etməyib.

//ANS Press