"Ən yeni ədəbiyyat seriyası"ndan növbəti kitab - FOTO

"Ən yeni ədəbiyyat seriyası"ndan növbəti kitab işıq üzü gördü.

"Qanun" nəşriyyatının bu seriyadan buraxdığı növbəti kitab istedadlı şair Qismətin "Meqapolis hüznləri" şeirlər kitabıdır.

Kitabdakı şeirlər sürətlə meqapolisə çevrilən Bakının yeni kodlarını, şifrələrini nişan verir. Böyük şəhərdəki həkimi, polisi, müəllimi, sürücünü, süpürgəçini, səfili, ayaqqabı boyayan uşaqları, siqaret satan kişini, fahişəni, tələbəni – hamını və hər şeyi yazmaq kimi qeyri-mümkün cəhd kitabın əsas özəlliyidir.

Şəhər sürətlə böyüyür, adamlar getdikcə tənhalaşır. Bu konfliktin arasına Qismət öz şeirlərilə girir.

Kitabda müəllifin forma baxımından eksperimental və vizual şeirləri də yer alıb.

1000 tirajla çap olunan kitabın qiyməti 4 manatdır.

"Meqapolis hüznləri"ni şəhərin kitab mağazalarından əldə etmək mümkündür.