Əziz Nesin. Ev tikdirmək istəyirdi (HEKAYƏ)

Əziz Nesin. Ev tikdirmək istəyirdi (HEKAYƏ)

Uşaqlıqdan bu yana kirayədə yaşamağın nə olduğunu bildiyi üçün, nə olursa olsun, ev sahibi olmaq istəyirdi. Uşaqlığının ən dərin, ən böyük xatirələri bir evdən başqa evə köçməklə bağlıydı. Hər dəfə təzə evə köçəndə, mütləq atasıyla anası mübahisə edib incik düşürdülər. Sına bilən əşyalar, qab-qacaq pal-paltarın, yorğan-döşəyin arasına, yumşaq yerlərə qoyulurdu. Anası sacayağından tutmuş manqal dudkeşinə, qəzet səhifələrinə bükdüyü balıq şişlərinə qədər hər şeyi yükün içində yebəyer edirdi. Əşyaları iki atlı arabaya yükləyirdilər, anası boş qalan yerlərə dibini deşib dibçək düzəltdiyi konserv qutularında yetişdirdiyi bitkiləri, gülləri qoyurdu.

Yük dolu, künc-bucağından küp görünən, bir tərəfinə iplə balaca şkaf bağlanmış arabaları hələ də yadındaydı. Təzə evə gedənə qədər bir neçə dənə nimçə, lampa, stəkan sınır, zeytun yağının, sirkənin, ya da anasının hazırladığı lalə şərbətinin şüşəsi açılıb pal-paltarın üstünə dağılırdı. Atası:

- Kasıblıq biabırçılıqdı! – deyə qışqırırdı.

Bu da atasıyla anasının təzədən dava eləməyinə səbəb olurdu.

Təzə evə köçməkləri də ayrı dərd idi. Elə təzə-təzə yerləşib öyrəşməyə başlayırdılar ki, ya kirayəni verə bilmədikləri üçün işləri məhkəməyə düşürdü, polis onları evdən qovurdu, ya da ev sahibi "evdə özüm qalacağam”, "evi təmir etdirmək istəyirəm”  və s. kimi bəhanə uydurub onları çıxartırdı. İstanbulun hər yerində yaşamışdılar. Körpəliyi Qasımpaşada, sonra Üsküdarda keçmişdi, məktəbə Süleymaniyyədə getməyə başlamışdı. Üçüncü sinifi Ağsaray, Cərrahpaşa və Şəhrəminindəki üç ayrı məktəbdə oxumuşdu.

İstanbulun harasına, hansı məhəlləsinə getsə, ordakı evlərdən birində yaşadıqları yadına düşürdü.

Atasının sözləri hələ də qulağında idi:

- Dünyada məkan, axirətdə iman…

1930-cu ildə məktəbi qurtarıb həyata qədəm qoyanda, artıq nə atası sağ idi, nə də anası… Kirayənişinliyin nə qədər ağır olduğunu bildiyi üçün, öz evi olmasa evlənməyəkdi. Beş il bir dəst paltarda gəzdi, siqaretə, içkiyə qurşanmadı, kinoya, teatra getmədi, rahib kimi, hind fəqiri kimi yaşadı. Beş ilin tamamında iki min lirə pul yığa bilmişdi. Onun kimilər üçün iki min böyük pul idi. 

O vaxt hətta min lirəyə də ev almaq olardı, amma elə ev istəmirdi. Köhnə komalardı elələri.

"Yer alıb özüm tikdirim,” – deyə fikirləşdi.

Dəniz sahilində, geniş bağçalı, prospektə yaxın ev istəyirdi. Olacaqsa belə olmalıydı evi… İstədiyi yerdə, arzuladığı şərtlərlə iki boş yer tapdı. Birini üç minə, o birisini üç min beş yüzə satırdılar. Min lirəyə bunlardan daha böyük yerlər almaq olardı, amma o, elə yerləri istəmirdi.

Bir az da pul yığmalıydı.

1937-ci ildə artıq dörd min lirə yığmışdı. Artıq istədiyi kimi yer ala biləcəyinə əmin idi.

Üç min beş yüzə dedikləri yerə getdi. O yerin yarısını satmışdılar, alan adam villa tikdirmişdi. Qalan yer üçün beş min lirə istədilər.

Əvvəl üç min lirəyə dedikləri yer üçünsə, indi altı min lirə istədilər.

Heç bəyənmədiyi, min lirəyə satılan yer üçün də indi dörd min beş yüz istəyirdilər.

Pulunu banka qoydu. Əvvəlkindən də qənaətcil oldu. Ayaqqabısına, paltarına yamağı yamaq üstündən vururdu. Artıq dəniz sahilindən əlini üzmüşdü. Şəhərin yaxşı yerində yer istəyirdi. Yer alacaq, ev tikdirəcək, evlənəcək, ailə-uşaq sahibi olacaqdı.

1943-cü ildə beş min lirəni düzəltdi. Nə qədər çalışsa da, hər şey bahalaşmışdı deyə daha çox yığa bilməmişdi. Dörd min lirəyə dedikləri yerdə, indi artıq dörd ev tikilmişdi, qalan bir parça yer üçünsə altı min istədilər.

Yavaş-yavaş şəhər içindən də əlini üzdü. Şəhər kənarına razılaşdı. Amma sən saydığını say…

Onunku artıq qənaətcillikdən keçmişdi, simic olmuşdu. Yemir, içmir, pul yığırdı. Maaşlar da qalxmışdı. İndi əlinə əvvəlkindən daha çox pul gəlirdi, amma 1950-ci ilə qədər, ancaq yeddi min lirə yığa bildi.

Yeddi min lirəyə yer? Hamı ona gülürdü. Şəhərin kənarının kənarında nəinki bir evlik, heç bir komalıq yeri də bu qiymətə ala bilməzdi.

Lap əvvəl iki min lirəyə dedikləri yerin iyirmidə bir hissəsi boş qalmışdı, onun üçün qırx min pul istədilər. Yer almaq üçün daha çox pul yığmalıydı, başqa yolu yox idi. Təzə nəfəslə pul yığmağa başladı. Evinin planını da hazırlamışdı. Bir yataq otağı, bir qonaq otağı, bir yemək otağı, bir zal, bir də uşaq otağı… Beş otaq istəyirdi. Əvvəllər ikimərtəbəli tikdirmək istəyirdi, amma indi fikrini dəyişmişdi. Qocalmışdı, bir mərtəbəli də olardı.

1954-cü ildə on min lirəsi var idi. İstanbulu əldən-ayaqdan salıb yer axtarmağa başladı. Bu qədər pulla ancaq Çekmece, ya da Qartal tərəflərdə yer ala bilərdi.

Dişini dişinə sıxıb bir az da pul yığmalıydı.

Hələ bir yeri alsın, evi tikdirsin… Beş otaq fikrindən keçdi, neyləyir beş otağı? Bir otaq da bəsdi, başını soxmağa yer olsun… Evi tikdirən kimi evlənəcəkdi.

1956-cı ildə təqaüdə çıxdı. Nə qədər az yeyib-içsə də, təqaüddən heç nə artıra bilməzdi. Əlində on iki min lirəsi var idi. İyirmi altı illik iş həyatından, qəpik-qəpik yığdığı bu on iki min qalmışdı.

Nə şəhərin içində, nə şəhər kənarında, nə dəniz sahilində, nə də dağ başında bu qiymətə yer tapa bilməzdi.

Yer axtara-axtara iyirmi yaş da qocalmışdı. Atasının sözləri qulağında əks-səda verirdi:

- Dünyada məkan, axirətdə iman…

Bu dünyada məkan qalmamışdı. O biri dünyaya baxmalıydı.

Yer axtarıb yorulduğu günlərin birində, axşam evə qayıdanda yolunun üstündə qəbiristanlıq gördü. İçəri girdi. Bura nə qədər gözəldi! Eynən xəyalındakı evin bağçası kimi gözəl bağça, güllər, otluq… Yaşıllığın, güllərin arasındakı mərmər başdaşıları görüb:

- Adam istəyir bu gözəl qəbirlərin içinə girsin! – dedi.

Hər necə olsa öləcəkdi. Elə burdan qəbir yeri alıb, sağlığında ürəyi istəyən kimi qəbir düzəltdirməliydi.

Qəbiristanlıq təpənin üstündə salınmışdı, üzü dənizə baxırdı. Şam ağaclarının kölgəsində əbədi yuxuya getmək yaşamaqdan daha yaxşıydı.
Sabahı günü Qəbiristanlıq idarəsinə getdi. Özü üçün qəbir yeri almaq istəyirdi.

- Sizin dediyiniz qəbiristanlıqda boş yer qalmayıb, - dedilər. – Amma istəsəniz, başqa qəbiristanlıqda, gözəl mənzərəli yer var, iyirmi min lirəyə.

Utana-utana:

- Bir az ucuz yer var? Mənə uyğun olsun, - deyə soruşdu.

Vardı, on beş minə, on iki minə, hətta on minlik yer də vardı. Bir az fikirləşdi. Yer almaq məsələsində xeyli təcrübə yığmışdı. Sabah qəbir yerləri də qalxar, əlindəki pula yer tapa bilməzdi. Elə həmin gün müqavilə bağladı, heç yerinə baxmamış on minlik yeri aldı. Sonra gedib baxdı. Örtülü, mənzərəsiz, köhnə başdaşıların arasında əl boyda yer idi. Amma o sevindi. Gözləri parıldaya-parıldaya:

- Bura mənimdir! – dedi.

İndi hər gün səhər tezdən qəbiristanlığa gəlir, yer sahibi olmağın verdiyi qürurla burda oturur, yerin alağını təmizləyir, gətirdiyi gülləri əkir. Elə bilərsən, məkanına qovuşacağı günün həsrətlə gözləyir.

Uyğunlaşdırdı: Həmid P.