İlkin Tomar – Ölüm sayan (hekayə)

İlkin Tomar – Ölüm sayan (hekayə)

Əsgər Şirinovun əziz xatirəsinə...

İstər soyuq və qaranlıq zindanlarda, istərsə də günəşli və qızılla tikilmiş saraylarda sayılan hər gün ömürdən gedən gündür!

28 sentyabr 2008 Ağ Cəhənnəm

Artıq doqquz ay idi ki, evdən uzaqda idim. Gün saymaqla aram yox idi, amma demək olar ki yarılamışdım icbari hərbi xidmətimin müddətini. Xidmət etmiyimiz yerdə iki rəng var idi. Ağ Cəhənnəm və boz səma. Avqustun sonlarında yağan qar deyilənə görə iyun-iyul aylarında ancaq əriyib yerini sarımtıl-boz torpağa verir. Hələ yaya çox var idi. Bu günlərdə bir qrup əsgər öz xidmətlərini başa vurub evlərinə dönəcəkdilər. Onların ev-eşiklərinə dönmələrini həzm edə bilməsək də, bir yandan da buna sevinirdik. Bu sevinc hissi onların doğmalarının yanına dönmələri ilə əlaqədar deyildi. Sadəcə səndən qabaqkılar gedirsə deməli sənin də getməyinə az qalır, demək idi.
Hərbidə yazılmayan qanunlardan biri də bu idi ki, köhnə əsgərlər gənc əsgərlərdən hər zaman üstün olmalı, onlardan daha çox istirahət etməli, daha az işləməli idilər. Bu yazılmayan qanun heç də gizlicə icra olunmurdu. Bütün zabit-gizir heyətinin bundan xəbəri var idi. Hələ desəm ki, buna özləri də şərait yaradırdılar heç yanılmaram. Buna görə də gənc əsgərlərlə qoca əsgərlər arasında hər zaman pərdə olurdu. Gənclərə görə qocalar vicdansız, kobud, mənəviyyatsız və hətta düşmənlə bərabər tutulan adamlar idilər. Bəli adamlar. Çünki hərbidə insanlıq deyə bir nüansa çox nadir hallarda rast gəlmək olar. Xüsusilə də döyüş bölgələrində bu çox müşkül məsələdir. Lakin məsələ ondadır ki bu günün gənc əsgəri sabah qoca əsgər olanda öz "babalarından” geri qalmırdılar.
Amma aralarında Şirinov kimi təmizürəkli, xoşxasiyyətli və dürüst birilərinə də rast gəlmək olardı. Şirinov nadir əsgərlərdən idi ki, ona adam kimi yox insan kimi baxırdıq.
Şirinovun boyu 165-170 sm olardı. Qarabuğdayı üzünün sol yanağında çapıq var idi. Qabaq dişlərindən biri yodsuz qar suyu içməkdən minası zədələnmiş və qırılmışdı. Su qıtlığı olduğundan içməli su ehtiyacımızı qar əridərək ödəyirdik. Hərbi xidməti bitirənlərin çoxlarının sədası xəstəxanalardan gəlirdi. Ən çox da mədə-bağırsaq, böyrək, təzyiq və diş müalicəsinə görə müraciət edirdilər vətənə borclarını verənlər. Və təbii ki bütün müalicə xərcləri öz hesablarına olurdu.
Şirinov digərləri kimi hər ötən günü sayıb evə qovuşacağını gözləyirdi. Gün saymaq üçün adətən cib darağının dişlərini qırmaqdan, botinkanın ip deşiklərindəki dairəvi dəmirləri çıxarmaqdan, kəmərin iç tərəfinə xətlər qoymaqdan və başqa üsullardan istifadə edilirdi. Şirinovunsa cib darağında iki diş qalmışdı. Çox həyəcanlı görünürdü.

29 Sentyabr 2008 Ağ Cəhənnəm

Axşamdan yağan qar kazarmalar, yeməkxana, hamam-ayaqyolu və anbarlar arasından olan iki nəfərlik açdığımız cığırları örtmüşdü. Səhər yeməyindən sonra növbə ilə gediş-gəliş üçün nəzərdə tutulan örtülmüş cığırları təmizləməyə başladıq. Qar təmizlənməsində adətən gənc əsgərlər iştirak edirdilər, qocalarsa kazarmada isti kömür sobasının ətrafına yığışıb ya söhbət edər, ya da gənclərdən birini qapının ağzına kəşfiyyatçı kimi qoyub siqaretdən qumar oynayardılar. Qar atdığımız zaman Şirinov yanımıza gəldi. Qapının ağzında cibindən çıxardığı qutusu iyirmi qəpik olan siqaretinin birini damağına qoydu. Əlləri ilə ciblərini yoxladı. Alışqanı yox idi. Qapının ağzında dayanıb qar atmaq üçün öz növbələrini gözləyən əsgərlərdən kibritlərinin olub-olmamasını soruşdu. Hərbidə bir də belə yazılmayan qanun vardı. Qocalardan kimsə gənclərdən nəsə istəsələr və bu istədikləri şey onların xoşuna gəlsəydi bu artıq qocanın olmalı idi. Buna görə də kimdəsə kibrit və ya alışqan vardısa da heç kim səsini çıxarmadı. Mən cibimdəki içində 4-5 ədəd kibrit qalan qutunu Şirinova uzatdım. Şirinov kibriti alıb siqaretini alışdırdı. Kibriti qaytaranda bir siqaret də mənə verdi. Sonra sözə başladı:
- Bilirsən, Abdullayev, sabah bu lənətə gəlmiş xarabadan gedəcəm. Amma hələ də inana bilmirəm ki, bir günüm qalıb. Bu on səkkiz ay ərzində nə məzuniyyətə getdim, nə də bir mülki geyimli adam gördüm.
- Gedən kimi ilk işin nə olacaq, Şirinov?
- Gedən kimi anamın məzarını ziyarət edəcəm ilk növbədə - Şirinovun anası altı ay olardı ki, xərçəngdən dünyasını dəyişmişdi.
- Bəs sonra?
- Sonra.... sonrasa atam olan o əclafın üzünə tüpürüb, bacımı da götürüb gedəcəm Bakıya işləməyə. On səkkiz aydır ki, hər gün burada bitəcək günlərimi sayıram. Məni çox gözəl həyat gözləyir irəlidə. Allahın köməkliyi ilə xəyalımda olan hər şeyə nail olacam.Evlənəcəm, uşaqlarım olacaq. Bacıma da özüm baxacam. Mən böyük adam olacam. Atam olacaq o əclafa hər şeyi, nəyə qadir olduğumu sübut edəcəm - Sanki atasına olan hirsini siqaretdən çıxırmış kimi filteri dişləri ilə çeynəməyə başladı - Anamın xəstələnməyinə, ölməyinə o əclaf səbəbkar olub. Onunla bir gün belə eyni dam altında qalmaram. Amma şükür Allaha bu Ağ cəhənnəmdən canım qurtarır - Biz Soyuq dağa Ağ Cəhənnəm deyirdik.






30 Sentyabr 2008 Ağ Cəhənnəm


Gecədən hazırlaşan qocaların gözlərinə yuxu getməmişdi. Hamısı səbirsizliklə səhərin açılmağını gözləyirdilər. Kimisi gənclərə acıq verərək, qalanların hələ burada çox çürüyəcəyini deyir, kimi Ağ Cəhənnəmdə son gecələrinin olduğunu vurğulayırdılar. Səhər saat onda qocaların hamısını yeməkxanaya yığıb yoxladılar. Sonra iyirmi beş kilometrlik yolu piyada düşmək üçün düzüb yanlarına da bir zabit və gizir qoşdular. Onların gözlərində sanki günəş doğmuşdu. Havanın çovğunlu olmağına baxmayaraq heç biri bu soyuğun fərqində deyildi. Şirinovunsa bir cüt qanadı çatmırdı sanki. Bir saat keçməmiş qocalar ağa bürünmüş dağ yolunda gözdən itdilər.



1 Oktyabr 2008 Ağ Cəhənnəm

Dünənki çovğundan əsər-əlamət qalmamışdı. Hava çox təmiz idi. Soyuq dağ havası ciyərlərimizi işğal edib, içimizə titrətmə salırdı. Birdə bütün taborun təcili düzülüş meydanına yığılmağı barədə əmr gəldi. Havanın sakitliyini nəzərə alıb səngərdə və taborun yollarında işləmək üçün düzüləcəyimiz ehtimalı yüz faiz idi.
Soldan sağa Zirab, On dördüncü bölük, On beşinci bölük və Qərargah bölüyü postda və növbətçi olan əsgərlər xaric tam heyətlə düzülüş meydanında idi. Beş dəqiqə keçməmiş tabor komandiri mayor Abdullayev taborun qarşısına keçdi. Baş leytinant Abbasov mayor Abdullayevə hərbi salam verərək taborun tam heyətlə düzülüş meydanında olmağını məruzə etdi. Mayor Abdullayev geri dönərək daşdan hörülmüş tribunaya çıxdı:
- Salam, əsgər!
- Salam..- hamı bir ağızdan dilləndi.
- Sizə bir üzücü xəbəri bildirməyi özümə borc bilirəm. Dünən təxris olunmuş əsgərlərdən biri kəndlərinin girəcəyinə girmək üçün yolu keçərkən çox bədbəxt hadisə baş vermişdir. Ani diqqətsizlik ucbatından Kamaz markalı yük avtomobili əsgəri vurub üstündə keçmiş və əsgərin başı təkərlərin altında qalaraq elə yerindəcə keçinmişdir. Biz taborumuz və hərbi hissəmiz adından əsgərin ailəsinə baş sağlığı veririk. Axır qəmləri olsun.

Mayor Abdullayev nitqini bitirdikdən sonra öz otağına getdi. Taborasa gündəlik görüləcək işlərin bölgüləri verildi. Hamı sarsılmışdı. Mənsə ikiqat sarsılmışdım Sarsıntımın ikiqat olmağı isə bu əsgərin Şirinov olması idi. O sən demə xoş anlarına, azadlığına qovuşacağını deyil, ölümünü sayırmış.