Tadeuş Rujeviç. Şeirlər (tərcümə)

Tadeuş Rujeviç. Şeirlər (tərcümə)

 

Bakıda konfransda iştirak etmək üçün dəvətli olan Varşava Univerisitetinin professoru, dostum Danuta Xmeilovska və Polşa Humanitar Akademiyasınının (Pultusk) rektoru, professor Adam Koseski ilə söhbətdə bir kədərli xəbər eşitdim. Görkəmli polyak şairi, yazıçı və dramaturq Tadeuş Rujeviç bu günlərdə dünyasını dəyişib. Çox kədərləndim. Şeirlərini çox sevdiyim və sevə-sevə tərcümə etdiyim Tadeuş Rujeviçin şeirlərini bir daha sizə təqdim etməyi özümə borc bildim.

Rəfail Tağızadə

 

 

Tadeuş Rujeviç (1921-2014)

(Polşa)

Şair, nasir, dramaturq və senarist olan Tadeuş Rujeviç müasir polyak ədəbiyyatının ən görkəmli nümayəndələrindən biridir. Onun əsərləri 40-a yaxın - ingilis, fransız, alman, rus, çin, ərəb, serb, isveç, danimarka, fin və başqa dillərə tərcümə olunub. Bir çox mükafatlara, o cümlədən Mədəniyyət və İncəsənət Nazirinin Mükafatına (1962, 1984), Avstriya Dövlət Mükafatına (1982), Şairlər üçün nəzərdə tutulmuş Qızıl Dəfnə Yarpağı ödülünə (1987), Sileziyanın Ali Mədəni Mükafatına (1994), həmçinin NİKE mükafatına (2000) layiq görülüb. Vroslavın fəxri vətəndaşı, Vroslav, Katovitse, Opole, Varşava və Krakov univerisitetlərinin fəxri doktorudur. Polşa Yazıçılar Birliyinin, Bavariya İncəsənət Akademiyasının, Berlin və Leypsiq İncəsənət Akademiyasının üzvüdür. 1996-ci ildə Polşa Dirçəliş ordeninin Böyük Xaçı ilə təltif olunub.

1921-ci ildə anadan olub. II Dünya Müharibəsi dövründə Milli Orduda, partizan dəstələrində (1943-1944) vuruşub, həmin dovrdə gizli "Çin zbroynı” (Hərbi əməliyyat) jurnalına redaktorluq edib.

1947-ci ildə şairin "Narahatçılıq” adlı kitabı çıxdıqdan sonra, Rujeviç yeni poetik son dərəcədə ateist, məqsədyönlü və az poetik bir dilin yaradıcısı kimi tanınmağa başlayır. Onun poeziyası sakit, utancaq səslə, faciəvi təcrübədən sonra yenidən asta danışmağa başlayan insanın səsi ilə danışmağa başlayır.

Rujeviçin şeirləri sadə, aydın və səmimidir. Amma bu sadəliyin, aydınlığın və səmimiyyətin arxasında müasir insanın xaotik dünyası, arzuları, ümidləri öz əksini tapıb.

Tadeuş Rujeviç Yagellon Univerisitetinin incəsənət tarixi fakultəsini bitirib.

 

 

Nə yaxşı

 

Nə yaxşı

meşədə moruq yığa Bilirəm

elə bilirdim

nə məşə

nə giləmeyvə var.

 

Nə yaxşı

ağacların kölgəsində uzana Bilirəm

elə bilirdim

artıq ağacların kölgəsi yox.

 

Nə yaxşı

mən İndi səninləyəm

döyünür ürək

elə bilirdim

daha insanda ürək yox.

 

Кimdir şair

Şair şeir yazan

və şeir yazmayandı

 

şair buxovları qıran

və onları özünə yığandı

şair inanan

və inana bilməyəndı

 

şair aldadan

və aldanandı

şair ağzı olan

və həqiqəti udandı

 

şair yıxılan

və qalxmağı bacarandı

şair gedən

və getməyi bacarmayandı

 

 

Gülüş

 

Qəfəs o qədər bağlı qaldı

quş bala çıxardı

 

quş o qədər susdu

paslanmış sakitlikdə

hətta qəfəs açıldı

 

sükut o qədər uzandı

qara barmaqlıqlar arxasından

gülüş səsi eşidildi

Korrektə

Ölüm

bir sətrə də duzəliş eləmir

o nə korrektordu

nə də xanım redaktor

ölümsüzdü amansız metafora

şairin ölümündən sonra da yaşayır

ölən pis şair

elə ölmüş pis şairdi

səfeh ölümdən sonra da

yenə boş-boş danışır

səfehləyir tabutda da

 

Bizi rahat buraxın

 

unudun bizi

unudun bizim nəsli

yaşayın insan kimi

unudun bizi

 

qibtə eləyərdik

dağa daşa da

hətta itlərə də

pişiklərə də

 

siçovul olmaq istəyirəm

deyirdim ona

 

yaşamaq yox

yumub gözlərimi

yatmaq istəyərdim

müharibədən sonra oyanmaq istəyərdim

deyərdi mənə

 

unudun bizi

gəncliyimizi sormayın

bizi rahat buraxın

 

Mənim poeziyam


heç nə anlatmayır

izah eləmir

imtina eləmir

sübut eləmir

gerçəkləşdirmir

arzuları ümidləri

 

qaydalar yaratmır oyunlarda da

iştirak eləmir şənliklərdə də

özünün yeri var

öz yerin tutur

 

gözəl nitqi yoxsa

danışığı yoxsa

can atmırsa kimisə təəccübləndirə

demək belə lazım

demək ki, belə

 

hakimdi özünün imkanlarına

hakimdi özünün qaydalarına

hakimdi qoyulan qadağalara

hətta uduzsa da özü-özünə

 

heç nəyi əvəz etmir

əvəz edə bilməzsən onun özün də

hamıya açıqdı

onda sirr yox

 

heç vaxt həll olunmayacaq

məsələləri çox

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Dağınıq

 

İbarər olduğum bütün xatirələr

obrazlar hisslər xəbərlər

anlayışlar təcrübələr

birləşmir öz aralarında

bütövlük yaratmır məndə

amma hərdən üzürlər

yaddaşımın sahilinə doğru

kütləşmiş caynaqlarıyla

yüngülcə cızaraq dərini

yalan deməyəcəm

bütövlük yaratmıram

mən dağınıq və sınmışam

mən kimə lazımam

fraqmentlərim kimə lazım

o qədər məşğulam mən

kimsə xatırlaya bilməz

mənim daxili formamı

min qapısı açılıb bağlanan

dəhlizin bu dəlisov qarışıqlığında

nə ağ təbaşirlə

nə də qara kömürlə

iz qoymayan obrazı

kim bərpa edəcək kim

hərdən özümü özümdən soruram

xatırlaya bilmirəm

 

deyirlər mən hələ sağam

deyirlər yaşayıram

Vətənin vəsfi

Doğulduğun yerdi Vətən

Uşaqlığın keçdiyi ölkədi Vətən

Kiçik ən yaxın olandı

Vətən

 

Şəhər bapbalaca kənd

Küçə ev həyət

 

İlk məhəbbət

Üfüqdə ilk yaşıllıq

Tabutlar

 

Gülləri bitkiləri sünbülləri

Tarlaları çəmənləri

Heyvanları

Meyvələrin adlarını

Uşaq ikən öyrənirsən

 

Gülür Vətən

 

Hər şeydən öncədi Vətən

Göz önündədi Vətən

Əl yetəndi Vətən

 

Keçdikcə zaman

Qanaxmalar

Ağrılar artar.

 

* * *

 

güclü külək pəncərəni döyürdü

 

yuxuları oyadırdı

hörümçək torlarının sayıqlamaları

səma mis rəngində

torpaq tünd göy

qara

 

burnunu yerə söykəmiş

heyvan

mutant goreşən tülkü

nədənsə hürkərək

zülmət qaranlığa doğru qaçırdı

 

yuxuyla gerçəkliyin

sərhədində

düşündüm

hiss etdim

qəbirstanlığa doğru

qəbirə sarı

mənəm qaçan

 

qarnı daşla dolu

qara heyvan

 

qaranlıq səma altında

tam sürətlə qaçıram

bilirəm orda məni nə gözləyir

bilirəm çuxur

 

yatmağa uzanıram

yorğana bürünürəm

qaçıram uçuram

 

qaçmağı dayandırmıram

 

ağzım dolu

qumla

oyanıram