Rasət Pirisoyu. ŞEİRLƏR

Rasət Pirisoyu. ŞEİRLƏR

***
Gəlirsən, gedirsən,  əllər uzanır,
gəlirsən, gedirsən, illər uzanır,
gəlirsən, gedirsən yollar uzanır,
yol 
yoldan  ayrılır, 
il ildən qopur,
heç nəyi bir yerə  yığa bilmirsən,
Ay səni itirir,
gün  səni tapır,
gedib o yerlərə çıxa bilmirsən...

Həsrəti araya düşür, 
hey düşür,
hardansa bir nanə qoxusu gəlir,
yadına dərə, 
dağ, 
dəniz, 
göy düşür, 
yorğun gözlərinin yuxusu gəlir.

Hərdən 
boğulusan durduğun yerdə,
havanda 
o yerin havası çatmır,
Yolunun üstündə  dumandan  pərdə,
canında 
bir sərçə yuvası çatmır.

Bəzən
yağışları düşür yadına,
yağan yağışları...
 ... qırx gün,  qırx gecə...
Sığınıb bir körpə quş qanadına,
ağlından  
hönkürmək keçir gizlicə...

Səni 
o yerlərdən  kim perik saldı? -
ya bəlkə aldatdı hərə bir cürə,
Ürəyin 
yetim iək o yerdə qaldı,
özünü götürüb gəldin şəhərə...

Və indi, 
min  ildi,
hər gün, hər gecə, 
bir yuxu,
bir yağış,
bir ev, 
bir küçə,
bir ana gileyi 
baş alıb gəlir,
əlinə,  ovcuna daş alıb gəlir,
gözünün içinə yaş alıb gəlir,
gəlib, 
      görür ki,
elə saçlarına dən düşür, düşür,
ömrünün 
bir qotur payı görünmür,
elə gözlərinə çən düşür,  düşür,
illərin 
həftəsi, ayı görünmür...
......................................
......................................

Bir durna harayı dinər  uzaqda
Səsində əbədi bahar həsrəti, 
O yerdə sərçələr donar soyuqda,
gönlündə, gözündə yaz səadəti.


***


Söndürür işıqları…
hey…
qaranlıq adamlar,
Bu sonuncu işıqdır   bəlkə yandırıram mən,
Sevinirəm son dəfə, heç olmasa işıq var,
Bu sonuncu işığın yapışıram əlindən…

Çəkir  məni  ardınca,  çəkir sonuncu işıq,
«Çəkir» yerinə düşümür, 
bəlkə  «sürüyür!»  deyim.
Hardansa  ömür  əsir   üzümə  meh  qarışıq,
Açır, 
yaxasın açır, 
əynimdəki  köynəyim.

Üz tütüram bəlkə də 
son dəfə 
son nəfəsə,
Sonuncu  qürub kimi qurtarıram, bitirəm.
Yadımda qalır  ancaq 
işıq, işıq… 
nə isə,
Gözlərimi korlara bağışlayıb gedirəm.

***

Bu otların, 
çiçəklərin qoynunda,
bircə elə,  səni,  səni istədim,
Meh dolaşdı boğazımda, boynumda,
əllərini, əllərini istədim.

Amma sənsə...
Heç bilmirəm nə deyim,
Gəlişini qoydun bu gün, sabaha,
Yığışmadı bu yollardan gileyim,
başım üstə
göylər batdı günaha.

Həsrətini əzizlədim, duruldum,
ürəyimə bir yad baxa, qoymadım,
Bu qızlardan, 
qadınlardan yoruldum,
Səni,  səni  gözləməkdən doymadım.


***


Mən 
hansısa dünyanın bəlkə günahkarıyam,
Bəlkə cəza çəkməyə gəlmişəm yer üzünə,
Gəlmişəm günahımı yer üzündən tanıyam, 
tanıyam, cəza  çəkəm…
Və qayıdam  özümə…

Gəlmişəm, 
amma hanı
hanı,  hanı o çəza, 
Ya rəbb, bəlkə çəzadı  elə düşünmək özü,
Bəlkə görmək,  eşitmək  cəza verilib bizə,
Sən sınağa çəkirsən bəlkə sevgiylə  bizi,

Bəlkə daha çox  sevən  
daha çox cəza  çəkir,
çox istəyən 
daha çox yaxın olur çarmıxa,
Ya rəbbim,  içərimdə ulu göylərin çökür,
Məni  bu  yer üzüylə  sınağa çəkmə daha…


***



Bilmirəm, 
nəfəsi qalıb havada, 
yoxsa canımdakı nağıl xofudu,
Elə bil nəsə var bu boz qayada,
o nəsə, 
bu yeri,  bu göyü tutub,
və hopub havaya
və hopub suya,
yata bilməmişəm sabaha kimi,
Gözümü yummuşam, 
bu bomboz qaya,
yeriyib üstümə
əjdaha kimi...

Açılıb sabahım təlaş içində,
Deyəsən,  xəfifcə  əsir dizlərim...
Par-par parıldayır bədəni gündə,
Qaçmağa 
bir gizlənc  gəzir gözlərim 
.
Baxıram 
hər tərəf torpaqdı,  daşdı,
Burda nəfəs alan bircə mənəm,  mən...
İlahi, bu nədir? 
Ağlımmı çaşdı -
Elə bil tərpəndi  qaya yerindən...

Bəlkə cansız  deyil, 
canlı daşdı bu,
Bəlkə daş olmaqdan 
bu, doyub cana?
Bütün duruşuyla  bir savaşdı bu, 
İçində vurnuxur o yan - bu yana...

Diridi,  
dipdiri  əyri  pəncəsi,
Zalımlıq hayqırır bütün görkəmi,
Ancaq bağırmağa çatmır nəfəsi,
hey açır ağzını, 
hey, 
kaha kimi... 

O  boğub   içində  çiçəyi, otu, 
Əlinə keçəndən  can qamarlayıb, 
Deyəsən,  bu dəfə  mənə üz tutub -
Məni qurban bilib, cəsəd, can sayıb.

Birdən diksinirəm,
ürpənir  içim,
O, bəlkə   hamıdan aldığın alıb.
Özünü, 
özünü  diriltmək üçün,
ala bilmədiyi bir məndə qalıb.

Axı məndə nə var?
Nə istəyə ki?
Nəfəsdir dirildən hər şeyi bəlkə?
Mənim nəfəsimi nəfəsi təki,
O məndən,
o məndən istəyir bəlkə...

Qəfildən  elə bil dəyişir hər şey,
mənə əziz olur udduğum hava, 
Donüb  körpəm  olur  bu torpaq, bu göy,
on addım qıraqda qazılmış yuva. 

O birdən məndə də  tapsa özünü,
Canına can  qatsa  son nəfəsimdən... 

.......................................................
.......................................................

Bəlkə mən...
bircə  mən...
bu yer üzünü,
mən xilas edirəm,
bu  vəhşidən, 
mən...

(2018-2019)