Roald Dahl. Dəridən-qabıqdan çıxan adamlar (hekayə)

Roald Dahl. Dəridən-qabıqdan çıxan adamlar (hekayə)

Min doqquz yüz qırx altıncı ilin qışı çox uzun çəkdi. Aprel ayı olmasına baxmayaraq, şaxtalı küləklər şəhərin küçələrində at oynadırdı. Göyüzü qarlı buludlarla örtülmüşdü.

Drioli adlı bir qoca kişi "Rue de Rivoli”  küçəsində büzüşüb oturmuşdu. O, çirkli qara paltosuna elə bürünmüşdü ki, ancaq gözləri  görünürdü. Kirpi kimi yumrulanıb oturmuşdu.

Kafenin qapısı açıldı, bihuşedici qızarmış toyuq ətinin iyindən onun mədəsi ağrımağa başladı. O, zorla ayağa durdu və bir-birinin dalıyca sıralanmış ətriyyat, ipək şərflər və köynəklər, qızıl, əntiq mebel dükanlarının pəncərələrindən baxa-baxa addımlamağa başladı. Axırda şəkil qalereyasının qarşısında dayandı. O,  şəkil qalereyalarını  sevirdi. Pəncərəyə kətan üzərində çəkilmiş tək bir  şəkil söykəmişdilər. Kişi şəklə diqqətlə baxdı. Sonra yoluna davam etmək istədi. Yenə arxaya çevrilib şəklə baxdı, baxdı və birdən yadına nəsə düşdü. Hardasa bu şəkli görmüşdü. O, üzünü şüşəyə söykəyib  bütün diqqətiylə şəklə bir də baxdı. Şəkildə səmada qıvrılan güclü küləyin eyni səmtə əydiyi bir neçə ağac  təsvir olunmuşdu. Şəklin çərçivəsinə kiçik bir lövhə yapışdırılmışdı. Orada yazılmışdı: Chaim Soutine (1894- 1943).

Drioli diqqətlə şəklə baxdı, baxdı və nəyisə yadına salmağa çalışdı. Bu mənzərəni harda görmüşdü axı… Çox tanış şəkildi, çox... Dəhşət şəkildi, o, öz-özünə fikirləşdi. Çox əcaib bir şəkildi - amma onda nəsə var, mənim xoşuma gəlir. "Chaim Soutine…. Soutine…”

"Aman Tanrım…” - o, birdən çığırdı. "Mənim balaca Kalmıkım, bu sənsən… Hə, hə, balaca Kalmık… Yadıma düşdü, Parisin ən xod gedən dükanında bu şəkili satmaq istəyirdi… Sən bir işə bax…”

Qoca kişi üzünü pəncərəyə bir az da  sıxdı. O kalmık oğlan yadına düşdü. "Nə qədər vaxt keçib görən… iyirmi il - yox, yox, çox olar, otuz il.. Dayan görüm… Həəə, birinci dünya müharibəsindən əvvəl. Düzdü, min doqquz yüz on üçüncü ildən əvvəl olardı….”

"Hə, hə, yadıma düşdü. Bu Soutine… ay səni…” Bu Soutine - çirkli balaca kalmık idi, mısmırığını sallayıb gəzən qaradinməz bir oğlan idi. O vaxt, onu götürüb evinə gətirdi, öz oğlu kimi baxdı ona. Heç bir səbəb olmadan oğlan kişinin xoşuna gəlmişdi. Onun ağlına gəlməzdi ki, bu qaşqabaqlı oğlan da nə vaxtsa gözəl şəkillər çəkə biləcək və məşhur olacaq.

Görürsənmi, çəkirmiş, özü də necə… Kişi keçmişini yadına salmağa çalışdı - küçə uzunu düzülmüş zibil qutuları, qaxsımış iylər, zibil qutularının ətrafında veyillənən pişiklər, az qala küçənin daimi atributuna çevrilmiş - küçədə oturub ağzını göyə əngəldən  çirkli kök qadın… Hansı küçə idi o? Oğlan harda yaşayırdı? Hə, hə, "The Cite Faiguere” küçəsi, hə, yadıma düşdü.

Kişi yadından çıxmasın deyə küçənin adını bir neçə dəfə bərkdən təkrar etdi. Sonra gözünün qabağına tək çarpayılı otağı gəldi. Küncdə köhnə qırmızı bir divan var idi. O qaradinməz oğlan orda yatırdı.

Sonra bir-bir, içki məclisləri, ucuz ağ çaxır, hay-küylü mübahisələr…

O qaşqabaqlı oğlan həmişə kişinin işlərini izləyirdi, həmişə…

Çox qəribədir, Drioli fikirləşdi, hər şey kino lenti kimi bir andaca  gözünün önündən keçdi. İrili-xırdalı hadısələrin hamısını bir-bir xatırladı.

Tatu məsələsi yadına düşdü. Nə məsələ idi o… Yadına salmağa çalışdı. Nə təhər oldu, necə başladı o iş?... "Hə, hə yadıma düşdü” - deyə Drioli gözlərini qıydı. Günlərin bir günü onun  əlinə çoxlu pul gəldi və o, işdən çıxıb evə çaxır aldı. Aha… Sonra nə oldu? Hə, əlbəttə ki, qucağında çaxır butulkaları olan yeşik evə daxil olanda məəttəl qaldı. O qaradinməz oğlan əlində fırça və boya otağın ortasında oturub poza verən bir qadının - Driolinin arvadının şəklini çəkirdi.

"Bu axşam bayramdı. Üçümüz də bunu qeyd etməliyik”. - Kişi dedi.

"Nəyi bayram edəcəyik?” - oğlan kişiyə baxmadan soruşdu. - "Arvadından boşanacaqsansa, mən onunla evlənirəm.” - oğlan dedi.

"Yoox.” - Drioli dedi. "Bəxtim gətirib bu gün, qəşəng pul qazanmışam. Bunu mütləq qeyd etmək lazımdır. Gəlin bu münasibətlə içək. "

"Mən də bu gün heç nə eləməmişəm. Bunu da qeyd etmək lazımdır.” - oğlan narazı-narazı dedi.

Drioli əlindəki yeşiyi stolun üstünə qoydu. O, it kimi yorulmuşdu və içmək istəyirdi. Bu gun kişinin doqquz nəfər müştərisi olmuşdu - doqquz sərxoş əsgər. Heç vaxt bir gün ərzində bu qədər müştərisi olmamışdı. Təəccüblüsü orasındaydı ki, əsgərlərdən yeddi nəfəri işin haqqını nəğd pulla ödədi. Drioli pulun çoxluğundan xoşbəxt olmuşdu. Amma iş Driolinin gözlərini lap xarab etmişdi. Onun gözləri yorğunluqdan bağlanırdı. Gözlərinin içi qıpqırmızı idi. Ağrıdan göz bəbəkləri elə bil böyümüşdü.

Amma artıq iş vaxtı qurtarmışdı, o, evdə idi və varlı idi, donuz kimi içəcəkdi. Yeşikdə üç çaxır butulkası vardı - biri arvadı üçün, biri dostu, o birisi isə özü üçün. O,  açarı əlinə alıb  butulkaları açmağa başladı. Hər dəfə butulkanı açanda mantar tıxacın xəfif səsindən xüsusi  ləzzət alırdı. Oğlan əlindəki fırçanı yerə qoydu: "Bu səs-küydə işləmək olar?!” - dedi.

Driolinin arvadı oğlanın çəkdiyi şəklə boylandı. Drioli də bir əlində butulka, bir əlində badə stola yaxınlaşdı. "Yox, yox, xahiş edirəm, baxmayın. Hələ hazır deyil, baxmayın.” - deyib oğlan şəkli qamarladı və üzünü divara söykədi. Amma Drioli şəkli görə bilmişdi.

"Yox, çox xoşuma gəldi. Oxşayır.”

"Pis çəkmişəm, heç  xoşuma gəlmir.”

"Yox, əntiqədi, düz sözümdü. Sənin bütün işlərini bəyənirəm.” - Drioli oğlanı təriflədi.

"Əşşşi, nə olsun eeeee…”- oğlan məyus-məyus dedi, – "heç bir xeyri yoxdu. Bu çəkdiklərim mənə pul qazandırmır. Neyniyim, yemək üçün pul lazımdır, bunları yeyə bilmərəm.” - O, yarızarafat dedi.

"Amma çox möhtəşəmdi, and içirəm, çox xoşuma gəldi.”

Drioli ağ çaxırı badəyə süzüb oğlana uzatdı. - "İç, vecinə də alma, içki sənin kefini açacaq. " Kişi oğlanı yeddi ay əvvəl bir kafedə, təkbaşına oturub içdiyi yerdə görmüşdü. Oğlan rusa ya da Asiya xalqlarından birinə oxşayırdı. Drioli oğlanın oturduğu stola yaxınlaşdı və stulda oturdu.

"Russan?”

"Hə.”

"Hardansan? "

"Minskdən. "

Driolini elə bil ilan çaldı, dik atıldı və qışqıra - qışqıra dedi ki, o da Minskdə doğulub.

"Hə, nə yaxşı. Amma mən Minskdən deyiləm. O şəhərə yaxın yerdənəm. "- oğlan dedi.

"Haradı ora? "- kişi maraqlandı.

"Smiloviçi, Minskdən iyirmi mil  uzaq. "

Drioli dəhşətə gəldi.

"İnanırsan, uşaq vaxtı oraları nə qədər gəzmişəm. "

Kişi yerini rahatladı. Gözünü oğlanın üzünə zillədi.

"Amma sən qərbi Rusiyalıya oxşamırsan. Sən ya tatar, ya da kalmıksan. Eynilə kalmıksan. "

Həə, indi də Drioli öz  otağında çaxırı başına çəkib birnəfəsə içən oğlana baxırdı. Oğlanın girdə sifəti, enli yanaqları, qaba, iri burnu və şəlpə qulaqları vardı. Oğlanın qıyıq gözləri, qara saçları, qalın və ciddi dodaqları onun əsil kalmık olduğunu göstərirdi.  Əlləri… Əlləri  çox qəribə idi, qadın əlləri kimi ağappaq idi. İncə, uzun barmaqları var idi.

"Bir az da süz. Qeyd ediriksə əməlli-başlı qeyd edək. "- oğlan dedi.

Drioli hamıya çaxır süzdü. Butulkalar boşalmışdı.

"Bu gecə qəşəngcə içmək lazımdır. Bu gün mən səxavətliyəm. Çoxlu pulum var. Bəlkə gedim yenə çaxır alım? Neçə dənə çaxır alım? "- Drioli soruşdu.

"Altı şüşə. Hərəmizə iki şüşə. Gedək mən də sənə kömək edim. "- oğlan dedi.

Onlar yaxınlıqdakı kafeyə getdilər . Drioli altı ağ çaxır aldı. Onlar çaxır butulkalarını cərgə ilə döşəmənin üstünə düzdülər.

"Ancaq milyonerlər bizim kimi kef edə bilər. "- Drioli yavaş yavaş sərxoş olurdu.

"Hə, düzdü. Jozi, sən nə fikirləşirsən? Jozi, neynirsən bu kişini? Boşa onu, mənə ərə gəl. "- oğlanın da kefi durulmuşdu.

"Hə, əla çaxırdı. Amma mən Driolidən ayrılmaram. "- Jozi güldü.

"Əla çaxırdı. İçməyə dəyər. "

Onlar hər dəfə içməmişdən əvvəl tost deyir, badələri birbirinə çaqqıldadıb içirdilər. Üçünçü badədən sonra Drioli artıq ayaqlarını hiss etmirdi.

Bir azdan o, ləngər vura-vura, divardan tuta-tuta gedib otağın işığını yandırdı.

"Qulas as! Bir fikrim var. "- kişi oğlanın qarşısında dayandı. - "Balaca kalmık, əla bir ideyam var. "

"Nə ideya? "

"Heç kəsin ağlına gələ bilməyəcək bir ideya. Deyim nə ideyadı, qulaq asırsan? "

"Yox, Jozi ilə söhbət edirəm, mane olma. "

"Xahiş edirəm, qulaq as! Sən mənim ən əziz dostumsan, mənim Minskdən olan kalmık dostum. Sən mənim gözümdə dahi rəssamsan, ona görə də mənə bir şəkil bağışlamalısan. "

"Mane olma! Hansı şəkli istəyirsən götür. İstəyirsən hamısını götür. "

"Yooox, yox, qulaq as mənə! Mən elə şəkil istəyirəm ki, həmişəlik mənimlə olsun… həmişə…başa düşürsən… nə olursa-olsun, yanımda olsun. Anladın məni? " O, oğlanın çiyinlərindən tutub silkələdi. - "Sən belə et. Mənim kürəyimə bir şəkil çək. Sonra da çəkdiyin şəkili tatu edək. Şəkil də ömrüm boyu həmişə mənimlə qalsın. " Oğlan məəttəl - məəttəl kişiyə baxdı. - "Çox axmaq fikirdi. "

"Mən sənə tatu etməyi öyrədərəm. Asandı. Uşaq da bacarar. "

"Mən uşaq deyiləm. "- oğlan hirsləndi.

"Xahiş edirəm. "

"Tanrı xatirinə əl çək məndən. Dəli olmusan sən?!. "

Rəssam oğlan kişinin içkidən xoşallanmış gözlərinə baxdı.

"Nə istəyirsən axı məndən? "

"Qulaq as! Sən istedadlısan. Tez öyrənəcəksən. Bacaracaqsan. "

"Nəyi bacaracam?”

"Tatu vurmağı. İki dəqiqəyə tatu vurmağı sənə öyrədəcəm. "

"Mümkün deyil. Tanrı xatirinə, mən rəssamam, tatuçu deyiləm. "

"Mən bilirəm nə deyirəm, kalmık”.

Drioli bilirdi nə istəyirdi. O, tatunun atası idi. Keçən ay bir kişinin qarnını rəngbərəng gül çələngi ilə bəzəyən kim idi bəs? Əlbəttə, Drioli.. Bəs sinəsi meşə kimi tük olan kişini hələ demirəm. Drioli onun sinəsində nərildəyən ayı şəkli çəkmişdi. Kişinin sinəsinin tükləri elə bil ayının xəzi idi. Əntiqə iş idi. Bu günkü sərxoş əsgərin əzələli qoluna sarılmış su pərisinə hamı valeh olmuşdu.

"Yox, əşşi, sən dəmsən. Nə danışdığını bilmirsən. Get yat, Drioli, get yıxıl yat! "

"Qulaq as, kalmık ! Model kimi Jozini götürə bilərik. Mənim kürəyimə Jozinin şəklini çək. Kürəyimə öz arvadımın şəklini həkk etdirə bilmərəm? "

"Yox, gic - gic danışma! "- arvadı hirsləndi.

"Jozini? "- oğlan maraqlandı.

"Hə. "- Drioli bilirdi ki, arvadının adını çəkən kimi oğlan yumşalacaq.

"Əzizim, xahiş edirəm. Al, bu badəni də iç, cəsarətin artsın. Razı ol. Həyatımda ağlıma bundan gözəl bir fikir gəlməmişdi. "

"Yaxşı razıyam. "- oğlan həvəsləndi. - "Bir şərtlə ki, Jozinin çılpaq şəklini çəkəcəm. "

"Yooox, mən razı deyiləm. Başı xarablar. "- Jozi özündən çıxdı.

"Əla fikirdi, əla. "- Drioli badələri yenə də doldurdu. Boşalmış butulkalar otağın döşəməsinə dağılmışdı.

"Drioli, amma qulaq as, mən şəkli çəkəcəm. Tatu etməyi isə söz vermirəm. Çünki o iş mənlik deyil. Gəl, Jozinin şəklini kürəyinə çəkim. Amma çimən kimi, yəni su dəyən kimi rənglər yuyulub gedəcək. Bütün əziyyətim puç olacaq. Mən də səndən inciyəcəm ki,  işimi qiymətləndirmədin, dəyər vermədin . Yooox, bəlkə heç  çimməyəsən… " - oğlan Joziyə göz vurdu:  "bir ay, bir il, həə, onda şəkil həmişə yanında olar.

"Yoox, lazım deyil. Sən çəkdiyin şəkil silinməsin deyə, aylarla çımməyəcək, sonra da iy basacaq hər yanı. Yaxşısı budur ki, tatu edək. Amma lüt yox. "- Jozi qəhqəhə çəkdi.

"Yaxşı, danışdıq.  Jozinin başını çək!.. Başqa heç nə! "- Drioli sakitləşdi.

"Çox asandı, özün görəcəksən. İki dəqiqəyə öyrənəcəksən. Qoy alətləri gətirim. Tatu üçün elektrikli iynə və müxtəlif rəngli mürəkkəblərim var. Yadında saxla, tatu nə qədər rəngarəng olsa, o qədər gözəl görünəcək”

Drioli səndələyə-səndələyə getdi. Yarım saatdan sonra ləvazimatlarla dolu olan boz çantanı gətirib stolun üstünə qoydu. O, çantanı açdı, içindəki elektrikli iynəni, balaca şüşə butulkalardakı mürəkkəbləri çıxartdı. Drioli iynəni elektrikə qoşdu. İynəni əlinə alıb işə salanda cızıltı səsi ətrafı bürüdü.  İynənin ucu vibrasiya etməyə başladı.

Drioli tez jaketini çıxartdı. Köynəyinin sol qolunu yuxarı çirmələdi. "Bax indi, gör, necə asandı. Qoluma naxış vuracam. "- dedi. Qolunun yuxarı hissəsi mavi rəngli işarələrlə dolu idi. Axır ki, qolunda balaca, tatusuz bir yer tapdı.

"Ən birinci, uyğun rəngi seçməlisən- məsələn, mən mavi rəng götürürəm . İynənin ucunu mürəkkəbə batırıram… sonra.. iynəni düz tutursan, incəliklə dərinin üzərində aşağı yuxarı…. görürsən…. belə… Bu kicik motorun köməyilə iynə dərini deşib mürəkkəbi dərinin altına yeridir. Görürsənmi? Səliqə ilə. Görürsən, necə asandır? Bax, bax qolumda kiçik mavi gəmi çəkdim. "

Rəssam oğlan  maraqla  Driolinin əl işinə baxırdı. "Olar mən də sənin qolunda məşq edim.”- dedi.

Oğlan cızıldayan iynə ilə kişinin qolunda mavi xətlər çəkməyə başladı. "Nə asandı. "-  dedi. "Elə bil, yazı yazanda istifadə etdiyim mürəkkəbli qələmə oxşayır. Fərqi odur ki, bu işi yavaş-yavaş diqqətlə görmək lazımdır. "

"Mən nə dedim? Dedim axı,sən istedadlısan, tez öyrənəcəksən. Nə deyirsən ? Hazırsan? Başlayaq? "

"Qorxuram. Özümə əmin deyiləm. "

"Model! "- Drioli arvadını səslədi. "Gəl əzizim. Gəl, Jozi! ”

Drioli balaca uşaq kimi sevinçək otaqda Jozi üçün münasib yer axtarırdi.

"Jozini harda oturdaq? "- dedi.

"Qoy  dursun bu masanın yanında.Saçlarını da darayıb atsın kürəyinə. Mən onu o cür çəkəcəm. "

"Əla!.. Sən dahisən. "

Jozi əlində badə könülsüz - könülsüz masaya yaxınlaşdı.

Drioli köynəyini və şalvarını çıxartdı. Əynində alt paltarı, corab  və ayaqqabıdan başqa heç nə qalmadı. Drioli ayaqüstə durmuşdu. Ağappaq, cüssəli bədəni, demək olar ki, tüksüz idi. "Hə, mən sənin hüzurunda hazıram. Hardan başlayacaqsan? İndi sənin kətanın mənəm. "

"Gəl otur üzü pəncərəyə tərəf. Bax, bu stulda otur! Sərxoş başını da sal aşağı.  Elə elə ki, kürəyini görə bilim."

"Mən hazır”- deyib kişi stulda oturdu.

"Əvvəl boya ilə  çəkəcəm. Sonra üstündən tatu edəcəm. "- deyib flrça ilə kişinin cılpaq kürəyində Josinin şəklini çəkməyə başladı.

"Ay, ay”- Drioli çığırdı. Kürəyimdə qırxayaq gəzir, elə bil. Qıdığım gəlir… "

"Tərpənmə, tərpənmə! "- oğlan çəld hərəkətlə fırçanı boyaya batırıb çəkməyə başladı. O sərxoş oğlandan əsər- əlamət qalmamışdı. Gördüyü işin məsuliyyəti tam  ayıltmışdı onu, bütün diqqətini şəkil çəkməyə yönəltmişdi.Yarım saat keçdi. Rəssam, qadına baxa- baxa sonuncu ştrixləri  vurdu.

"Bitdi, Jozi. Gedə bilərsən. "- oğlan dedi. Jozi elə bu sözə bənd idi. Özünü divana atdı və o saat da yuxuya getdi.

Drioli də ayılmışdı.   İynə ilk dəfə  dərisinə batanda qəribə bir ağrı hiss etdi, və sərxoşluğu bir anda yox oldu. Bu onun ilk işi idi. Lakin buna baxmayaraq çox ustalıqla işləyirdi, rəngbərəng mürəkkəblərdən istifadə edirdi.

O, səhərə qədər  işlədi. Çox çalışdı, çox əziyyət çəkdi.

Nəhatət, rəssam geri çəkildi, dərindən nəfəs aldı : ”Qurtardım, axır ki, bitirdim. "

Artıq səhər açılmışdı. Küçədən keçən  adamların səs-küyü eşidilirdi.

"Görmək istəyirəm! Göstər, göstər görüm.” " Oğlan güzgünü bucaq altında tutdu və Drioli kürəyini görmək üçün elə çevrildi ki, az qala boynunu qıracaqdı.

"Aman Tanrım!!! "- Drioli çığırdı. Kürəyi büsbütün rəngarəng bir kompozisiyadan ibarət idi. Al qırmızı, qara, qızılı - rənglər o qədər gözəl idi… Tatu o qədər möhtəşəm idi ki… Bir sözlə oğlan  bir şedevr yaratmışdı. Portret o qədər canlı idi ki… Bu şəkil də onun başqa şəkilləri kimi əla alınmışdı. Şəkil valehedici idi. Modelin üzündə heç bir ifadə olmasa da gözləri məst-xumar idi. Arxa plandakı tünd yaşıl rəngli  spiralvari cizgilər, elə bil şəklin çəkildiyi mühitdən xəbər verirdi - şəklə baxan biləcəkdi ki, çəkən də çəkilən də babat içiblərmiş…

"Möhtəşəmdir. "

"Nə bilim. Deyəsən pis alınmayıb. Məncə axırda öz imzamı qoysam daha yaxşı olar. "- oğlan dedi. Motor yenə işə düşdü, oğlan Driolinin sağ  böyrəyi olan yerdə qırmızı rənglə öz adını yazdı.

Həəə, Drioli adlı qoca bir kişi indi qalereyanın pəncərəsindən içəri baxırdı, gözləri yol çəkirdi. Elə bil yadına düşən bütün bu hadisələr çoxdan, lap çoxdan, bundan əvvəlki həyatında baş vermişdi.

"Oğlan… Kalmık… Necə oldu bəs? Harda qaldı? "

Driolinin yadına düşdü ki, müharibədən qayıdan kimi arvadına verdiyi ilk sual bu oldu.

"Mənim balaca kalmıkım hardadır? "

"O, getdi. ”- arvadı dedi. "Bilmirəm hara getdi. Amma eşitdim ki, bir şəkil alverçisi  onu götürüb Italiyaya aparıb. Orda ona çoxlu şəkillər çəkdirəcəkmiş, çoxlu sifarişləri varmış.

"Yəqin ki, qayıdar. "

"Nə bilim, bəlkə də qayıtdı. Kim bilir? "

Bu söhbətdən sonra, o kalmık oğlanı bir də xatırlamadılar. Çünki tezliklə onlar "La Havre” deyilən yerə köçdülər. Ora  dənizçilərin məskəni idi , ona görə də tatu biznesi orda əla gedirdi. Həəə, iki dünya müharibəsi arasındakı dönəm yaşamalı vaxtlar idi. Bərə keçidinə yaxın bir yerdə kişinin  dükanı vardı. Dükanın rahat, gen-bol otaqları vardı, və kişinin işi başından aşırdı. Hər gün  dörd- beş dənizçi gəlib  müxtəlif  tatular çəkdirirdi. Həqiqətən də gözəl vaxtlar idi.

Sonra lənətə gəlmiş  ikinci dünya müharibəsi başladı,və… Josini öldürdülər. Almanlar hər yeri zəbt eləmişdi, və beləliklə, Driolinin biznesi batdı. Bundan sonra heç kəs qoluna tatu etdirmək istəmədi. Düzünə qalsa, Drioli bu iş üçün artıq qoca idi.

Nəhayət, Drioli Parisə getmək qərarına gəldi. Güman edirdi ki, böyük şəhərlərdə iş tapmaq daha asan olar. Amma ümidləri puç oldu.

Müharibə qurtarıb artıq, ancaq onun yenidən bir iş qurmaq üçün nə həvəsi vardı, nə də enerjisi… Dilənməyi bacarmayan bir adam üçün işsiz qalmaq cəhənnəm əzabı idi. Həyatda diri qalmaq üçün  nəsə eləməliydi…

Həə, Drioli yenə də şəklə baxdı:

 "Bu mənim balaca kalmıkımın  işidir. "

Xatirələr yaman tərpətmişdi onu. Bu şəkli görməsəydi, kürəyindəki tatu da yadına düşməyəcəkdi. İşə bir bax.

Drioli üzünü pəncərəyə yapışdırıb baxmağa başladı. Divarlar başdan başa şəkillərlə dolu idi,  və hamısı da elə bil bir adamın fırçasından çıxmışdı. İçəridə adamdan çox  adam vardı. Deyəsən, bu gün məxsusi bir gün idi və bu sərginin bu gün açılması heç də təsadüfi deyildi.

Birdən Drioli nəsə fikirləşdi və qalereyanın qapısını açıb içəri girdi. Geniş otağın döşəməsinə boyaboy al qırmızı xalça sərilmişdi. Otaq çox gözəl idi və ən əsası da, isti idi. Hamının əlində kataloq var idi. Zövqlə geyinmiş adamlar  tablolara baxa-baxa gəzişirdilər. Driolini həyəcandan isti basmışdı. Özünü itirmişdi,  ora - bura baxırdı. Birdən arxadan kimsə ona yaxınlaşdı: "Sənə nə lazımdır? "

Deyəsən, qalereyanın sahibi idi. O, balaca boy, şişman bir kişi idi. Ağappaq sifətindən yağ damırdı.

O, bir az da Drioliyə yaxınlaşdı. "Eşitmirsən? A kişi, sənə nə lazımdır? Nə istəyirsən? "

Drioli key-key kişinin üzünə baxdı.

"Xahiş edirəm, mənim dükanımdan çıx. "

"Şəkillərə baxmaq istəyirdim. Baxmaq olmaz ki, bəyəm? "

"Dedim ki, rədd ol burdan!”

Drioli yerindən tərpənmədi. Birdən-birə o, özünü təhqir olunmuş kimi hiss etdi.

"Problem istəmirsənsə, itil burdan. "- qalereyanın sahibi dedi və şişman əlləri ilə Driolinin qolundan  yapışıb zorla qapıya tərəf itələməyə başladı.

"Çək əlini məndən! "- Drioli çığırdı.

Onun səsi  otaqda əks- səda verdi və hamı bir nəfər kimi qapıya tərəf döndü . Camaat nə baş verdiyini bilmək istəyirdi. İçəri otaqdan qaça-qaça gələn bir işçi  müdirinin köməyinə yetdi. İkisi birləşib Driolini çolə atmağa çalışırdılar. Adamlar qəribə bir soyuqqanlıqla  bu təəccüb və təəssüf dolu mənzərəyə tamaşa edirdilər.

" Məndə də var… "- Drioli var- gücü ilə qışqırdı.

 "Məndə də by rəssamın çəkdiyi şəkil var... O, mənim dostum idi, ən yaxın dostum. O, mənə şəkil bağışlayıb. "

"Bu kişi dəlidi, başdan xarabdı. "

"Ordan polis çağırın! "- kimsə dedi.

Birdən elə bil Drioliyə güc gəldi, sivişib o iki nəfərin əlindən çıxdı. Otaq boyu qaça qaça qışqırırdı. "Mən şəkli göstərə bilərəm. O, şəkli mənə bağışlayıb. Göstərə bilərəm.”

Drioli tez gödəkçəsini yerə tulladı , jaketini və köynəyini çıxartdı. O, çılpaq kürəyini açıb adamlara göstərdi. - "Baxın, baxın, görürsüz!!! "

Birdən-birə otağa dəli bir sükut çökdü. Hamı şokda idi. Adamlar heyranlıqla tatuya dönmüş ilahi bir şəklə baxırdı. Şəkildəki rənglər hələ də öz parlaqlığını,təravətini itirməmişdi. Doğrudan da bu möhtəşəm bir əsər idi.

Kimsə həyəcanla çığırdı. - "Aman Tanrım, yazıq kişi düz deyirmiş!.. "

Hamı kişini əhatəyə aldı, hər tərəfdən suallar verməyə başladılar.

"Bu, təkrarolunmaz bir şəkildir. "

"Bu, yəqin ki, rəssamın  ilk işidir, eləmi? "

"Fantastikadır. "

"Bax, bax, hələ imzasını da qoyub. "

"Kürəyini  əy, dostum, şəkli daha aydın görək. "

"Çoxdankı şəklə oxşayır. Neçənci ildə çəkilib bi şəkil? "

"Min doqquz yüz on üçüncü ildə. "- Drioli dedi. - "Min doqquz yüz on üçüncü ilin payızında. "

"Soutinə kim tatu etməyi öyrədib? "

"Mən. Mən öyrətmişəm. "

"Qadın kimdir? "

"Mənim arvadım idi. "

Qalereyanın sahıbı camaatı itələyib Drioliyə yaxınlaşdı. İndi o, sakit, nəzakətli idi. O, irişə-irişə Drioliyə dedi. - "Üzr istəyirəm, cənab. Mən bu şəkli alıram. "

Kişi danışdıqca yağlı sifəti bərq vururdu.

"Deyirəm ki, cənab, mən bu şəkli sizdən aliram.

Driolini gülmək tutdu.- " Başa düşmədim. Şəkli necə alacaqsan ki? "

"Mən sənə iki yüz min frank verirəm!"

Dükan sahibinin bir cüt qara muncuğa oxşar xırda gözləri piyli sifətinin içində itib batmışdı.

"Vermə ona. Bu şəklin qiyməti o dediyi qiymətdən iyirmi dəfə bahadır. "- deyə kimsə qışqırdı.

Drioli nəsə demək istədi, amma bacarmadı. Başını aşağı salıb sakitcə pıçıldadı:

"Bu şəkli sizə necə sata bilərəm axı? "

Bütün dünyanın dərdi - qəmi birdən - birə Driolinin səsinə hopdu. - "Cənab, bu şəkli sizə necə sata bilərəm axı? "

"Kişi düz deyir də. Necə sata bilər. Şəkil onun bədəninin  bir hissəsidir. "- kimsə dedi.

"Qulaq as. "- Müdir Drioliyə bir az da yaxın gəldi. "Mən sənə kömək edərəm. Səni milyonçu edərəm. Gəl,  bu məsələdən ötrü ayrı bir vaxt görüşək,bir qərara gələk.”

Drioli başını qaldırıb tülküsifət müdirin qansız üzünə baxdı. "Cənab,  səkli sizə necə satım? Mümkün deyil axı. Alıb hara qoyacaqsız? Yox, bu mümkün deyil! "

"Hə, düz deyirsən, fikirləşmək lazımdır, bir az. "- deyə müdir   burnunun üstünü qaşımağa  başladı.

"Şəkili götürmək istəsəm gərək səni də götürəm. Bu da ki, mümkün deyil. "

Müdir yenə də burnunu qaşıdı.

"Onsuz da bu şəkil sən ölənə qədər lazımsız, artıq bir şey kimi sənin üstündə qalacaq. Onu nə sata biləcəksən, nə ata biləcəksən... Yaxşı… Sənin neçə yaşın var, dostum?. . "

"Altmış bir. "

"Neçə hiss edirsən özünü? Xəstələnmisən elə-bil? ”

Müdir elə bil mal-heyvan alverçisi idi, Driolini müştəri gözü ilə altdan-yuxarı süzürdü.

"Yox, yox, bu söhbət mənim xoşuma gəlmədi. "- Drioli təşvişə düşdü.

Yaşıl rəngli zərif dəridən tikilmiş əlcək taxmış bir kişi arxadan Drioliyə yaxınlaşıb, onun çiynindən tutdu və gülə-gülə dedi. - "Bura bax, dostum, okean sahilində dincəlmək istəmirsən? Qızmar günəş…? "

Drioli  şübhə ilə yaşıl əlcəkli adama baxırdı.

"Ən bahalı restoranda qəşəng yemək yeyəcəksən, qırmızı çaxır sel kimi axacaq… "

Əlcəkli kişi hələ də hırıldayırdı. Ağzını elə ayırmışdı ki, arxadakı qızıl dişləri bərq vururdu . Əlləri hələ də Driolinin çiynində idi.

"İstəyirsən? "

"İstəyirəm, əlbəttə, istəyirəm. "

"Hələ gözəl qadınları demirəm. İstəyirsən?

"İstəyirəm, niyə istəmirəm? "

"Əyninə tikilmiş  cürbəcür kostyumlar, köynəklər, gödəkçələr… Nə deyirsən? "

Drioli çaşıb qalmışdı.

"Düzünü denən,heç ömründə ancaq sənin üçün, məxsusi sənin ayağına  tikilmiş ayaqqabı geyinmisən? "

"Yox. "

"İstəyirsən? "

"Nə bilim. "

"Səhərlər ancaq sənin  saçını və üzünü qırxan özəl bərbər… İstəyirsən? "

Drioli ağzıayırıq qalmışdı, bilmirdi nə desin.

"Və ancaq sənin dırnaqlarını manikür edən füsunkar bir xanım…Necədi səninçün? "

Camaatın arasında kimsə möhkəm pıqqıldadı.

"Hoteldə, yuxudan ayılan kimi səhər yeməyini düz yatağa gətirən qəşəng bir qız, necədi, istəyirsən? "

Driolinin dili - dodağı qurumuşdu. Sakitcə durub qulaq asırdı.

"Bura bax, mən Kanndakı " Bristol Hotel”in sahibiyəm. Sən ömrünün qalan hissəsini hotelimin  luks nömrəsində yaşaya bilərsən. "

Yaşıl əlcəkli kişi söhbətinə bir az ara verdi - ağlasığmaz təkliflərini yazıq Driolinin beyninə yeritmək üçün bir qədər gözləməli idi…

"Xahiş edirəm, gəl, günü bu gündən  hotelin həyətindəki hovuzda çim, hoteldəki insanlarla tanış ol, özünü günəşə ver, üz, spirtli kokteyllərdən iç, keyf elə!!! Şellən özünçün. Necə fikirdi? "

Cavab gəlmədi.

"Necə fikirdi? Bütün qonaqlar Soutine adlı rəssamın pərəstişkarıdır. Sən məşhur olacaqsan. Hamı səni barmaqla göstərib deyəcək : " baxın, kürəyində on milyon franklıq şəkil gəzdirən bəxtəvər budur!”

”Fikirləş, çox gözəl və sənə uyğun ideyadır. Nə deyirsən, cənab?”.

Drioliyə birdən elə gəldi ki, yaşıl əlcəkli kişi onu sadəcə ələ salır.

"Çox gülməli ideyadır. Başa düşmədim, siz yəqin mənimlə zarafat edirsiniz? "

 "Əsla, çənab. Əsla, düz sözümdür, nə zarafat. "

"Sən ona qulaq asma, kişi. "- Qalereyanın sahibi əlcəkli kişinin sözünü kəsdi .

” Sən məni eşit! Mən bu şəkli aliram və mənim çox məşhur bir cərrah tanışım var. O, sənin kürəyinin dərisini soyacaq. Sən də mənim verdiyim pulları götür, qalan ömrünü harda, kimlə istəyirsən keçirt. Kef elə, danışdıq? "

"Necə kef edim, soyulmuş vəziyyətdə?

"Yox, yox. Məni səhv başa düşdün. Cərrah köhnə dərini yenisi ilə əvəz edəcək. Problemi çox asan yolla həll edə bilərik . "

"Bu işi  bacarar  o, yəni? "

"Əlbəttə, bacarar, tanışım professionaldır. "

"Boş söhbətdir. "- Əlcəkli kişi etiraz etdi. "Bu kişi o cür mürəkkəb dəri dəyişmə əməliyyatı ücün çox qocadır. O cür ağır əməliyyata dözə bilməz. Cənab, sən o cərrahın əlinin altından çətin sağ çıxasan. Ölərsən…. "

"Ölərəm…? "

"Əlbəttə, şəkili soyub götürəcəklər, amma sən çətin sağ çıxasan bu əməliyyatdan "

" Tanrı xatirinə!!!"- Drioli dəli oldu.  Hamı sakitcə ona baxır, işin necə qurtaracağıni maraqla izləyirdi. Camaatın arasından kimsə sarkastik bir tərzdə mırıldadı:

"Babat pul verin getsin bir az yesin - içsin. Bəlkə də özünü öldürməyə razı sala bildiz.”

Bir neçə nəfər ləzzətlə qaqqıldadı.

Yaşıl əlcəkli adam  yenə də əli ilə Driolinin çiynini şappıldatdı. "Hə, gəl, gəl, çox fikirləşmə"- həyasızcasına güldü.

"Gəl, gedək səni gözəl bir restorana aparım. Nahar edə-edə söhbətimizi davam etdirək. Necə fikirdi? Yəqin ki, acından ölürsən. "

Drioli bilmirdi nə desin…

Birdən Drioliyə elə gəldi ki, yaşıl əlcəkli adam bir əfi ilana dönüb onun bədəninə sarılıb və  onu sıxıb, sıxıb o dünyalıq edəcək.

"Qızarmış ördək və şampan. "- əlcəkli adam dil-boğaza qoymurdu. Ağzını əyə - əyə, sözləri xüsusi bir  aksentlə vurğulaya-vurğulaya əldən - ayaqdan gedirdi.

"Vəəə, üstündən də desert-  şokoladlı dondurma, ya qozlu-fındıqlı tort,daha nələr, nələr… "

Driolinin başı fırlandı, ağzı sulandı, mədəsi göynədi. Hamı durub bu yazıq kişinin ağzını necə  marçıldatdığına tamaşa edirdi.

"Qızarmış ördək xoşlayırsan? "- əlcəkli adam əl çəkmirdi.

"İstiotlu, dərisi xırt-xırtlı, qıpqırmızı qızarmış ördək yoxsa ballı ördək? Hansını istəyirsən? Bəlkə başqa şey…? "

"Gedək. "- Drioli tələsik cavab verdi. O, yerə düşmüş köynəyini götürüb əyninə keçirtdi.

"Cənab, razıyam. Gedirəm sizinlə. "

Drioli yeni patronu ilə birlikdə qalereyadan çıxıb gözdən itdi.

 

Bir aydan sonra Buenos Ayresdə  mükəmməl bir çərçivədə Soutine adlı rəssamın qeyri-adi məharətlə çəkdiyi bir şəkil - gözəl bir qadının başı təsvir olunmuş rəngarəng bir şəkli- satışa çıxarıldı.

Məsələ burasındaydı ki, Kannda, yarandığı gündən bu vaxta kimi, heç vaxt Bristol adında hotel olmayıb .

Ancaq, nə bilmək olar, bəlkə də bu saat, hardasa cazibədar bir xanım o qoca kişinin barmaqlarını manikür edirdi, və ya  bir gözəl qız hansısa hoteldə ona səhər yeməyi gətirirdi…

Ümid- iynənin ucu boyda olsa da, yenə ümiddir.

Bizə ümid etmək qalır.

Bizə o kişinin sağ qalmağı üçün dua etmək qalır...

 

 

İngiliscədən çevirən

Rauf Qaraişıq